ADPU tələbəsinin müsabiqəyə təqdim etdiyi “Bakı” rəsmi maraqla qarşılanıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) incəsənət və fiziki tərbiyə fakültəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Fəridə Süleymanlı “Beynəlxalq Müəllim Mükafatı” (Global Teacher Award) müsabiqəsinin iştirakçı sertifikatı ilə təltif olunub.
AKS Education Awards təşkilatı tərəfindən hər il fərqli ölkədə keçirilən beynəlxalq müsabiqə bu il Hindistanın paytaxtı Nyu-Dehlidə təşkil olunub.
Mərasimdə, ümumilikdə Azərbaycandan 5 müəllim qatılıb. Müsabiqənin mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Hindistandakı Səfirliyinin birinci katibi Fəxri Əliyev ölkəmizdən olan iştirakçılara mükafatlarını təqdim edib. Pedaqoji Universitetin tələbəsi Fəridənin müsabiqəyə təqdim etdiyi “Bakı” rəsmi maraqla qarşılanıb.
Qeyd edək ki, beynəlxalq müsabiqənin əsas məqsədi Hindistanda və digər xarici ölkələrdə təhsil sisteminə əhəmiyyətli töhfələr verən şəxsləri (qurumları) tanımaq və mükafatlandırmaqdır. Beynəlxalq müsabiqədə 100-dək ölkədən seçilmiş müəllimlər iştirak ediblər.