Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 272 nömrəli tam orta məktəbdə "Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir.

 

"Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan təlimlərin əsas məqsədi şagirdlərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, bununla bağlı şagirdlərə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı onların bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

Təlimlərin sonunda biliklərin möhkəmləndirilməsi və davamlılığın artırılması məqsədilə şagirdlərə müvafiq test tapşırıqları verilir. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin keçirilən mövzularla bağlı bilik səviyyəsi yoxlanılır.

 

Təlimlərin üç gün davam etməsi nəzərdə tutulub. 

 

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.