Cənubi Koreyaya  səfəri çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev İNHA Universitetinin rektoru Cho Myeong Voo ilə görüşüb.

 

Elm və Təhsil Nazirliyi əməkdaşlarının da iştirak etdiyi görüşdə İNHA Universitetin rektoru Cho Myeong Voo Yaqub Piriyevi yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rektor iki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsindəki əməkdaşlığın xüsusi payının olduğunu vurğulayıb. O, hazırda BMU-İNHA ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcəkdə də inkişafına birbaşa töhfə verəcəyinə inandığını sözlərinə əlavə edib.

 

BMU-nun rektoru Y.Piriyev səmimi görüşə və təbriklərə görə minnətdarlığını bildirib. Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri barədə danışıb. BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımları vurğulayan Y.Piriyev 2023-cü il ərzində İDP çərçivəsində İNHA Universitetində təşkil olunmuş “Fakültə təlimi” və “Yay məktəbi’” zamanı həm professor-müəllim heyətinə, həm də tələbələrə yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya  təşəkkürünü bildirib. BMU-İNHA İDP-nin uğurlu icrasından məmnunluğunu ifadə edən Y.Piriyev həmkarını Azərbaycana dəvət edib.

 

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Sonra Azərbaycan nümayəndə heyəti İNHA Universitetinə sahə gəzintisində iştirak edib. Gəzinti zamanı, universitetin maddi-texniki bazası, kitabxanası, laboratoriyaları, yeməkxana və yataqxanalarında yaradılmış şərait barədə məlumat verilib.

 

Rektor Y.Piriyev İNHA Universitetində 4-cü kursda təhsil alan tələbələrin yataqxana şəraiti ilə də tanış olub. Tələbələrin  qayğıları ilə maraqlanan rektor onların həlli istiqamətində öz tövsiyə və təkliflərini bildirib.