Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Bilkent Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

 

Məlumat üçün bildirək ki, konfrans iki hissədən ibarət olub və ilk hissə bu ilin aprel ayında Türkiyənin paytaxtı Ankarada yerləşən Bilkent Universitetində keçirilib.

 

Konfransda AzMİU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti, millət vəkili Ramil Həsən, Bilkent Universitetinin prorektoru professor Ezhan Karaşan, kafedra müdiri dosent Tolga Bölükbaşı, Yunus Əmrə İnstitunun rəhbəri Şərəf Atəş, türkiyəli iş adamları və Türkiyənin ölkəmizdəki səfirliyindən qonaqlar, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk haqqında videoçarx izlənilib.

 

AzMİU-nun prorektoru professor Akif Qasımov çıxış edərək konfransı Azərbaycan-Türkiyə qardaşlığının təzahürü adlandırıb. 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsinə, müharibə zamanı Türkiyənin ölkəmizə mənəvi və siyasi dəstəyinə diqqət çəkən prorektor qeyd edib ki, Azərbaycan və Türkiyə dünyada bənzəri olmayan qardaşlıq əlaqələri ilə bir-birinə bağlıdır: “Ölkələrimiz arasındakı münasibətlərdə “Bir millət, iki dövlət” prinsipini əsas tutan Ulu Öndərin və “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipini əsas götürən Atatürkün siyasi xəttinin nəticəsi olaraq qardaş, dost və strateji tərəfdaşlara çevrilmişik. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qardaşlıq prinsipinə əsaslanan münasibətləri sayəsində bu gün əlaqələrimiz ən yüksək zirvəyə çatıb. Hesab edirəm ki, 2023-cü il təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün əlamətdar tarixdir”.

 

Bilkent Universitetinin prorektoru professor Ezhan Karaşan çıxışında bildirib ki, Türk dünyası Ulu Öndəri və Atatürkü hər zaman minnətlə və hörmətlə yad edəcək. Prorektor Ulu Öndərin Bilkent ve Hacettepe universitetlərinin qurucusu, dünyaca məşhur alim, Azərbaycanın böyük dostu professor İhsan Doğramacı ilə şəxsi əlaqələrinə diqqət çəkib, İhsan Doğramacının Ulu Öndər haqqında xatirələrindən danışıb. 

 

Millət vəkili Ramil Həsən də qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin formalaşması Ulu Öndərin və Atatürkün uzaqgörən siyasətinin nəticəsidir. Millət vəkili ölkələrimiz arasındakı münasibətlərin dünyaya örnək olduğunu vurğulayıb.  “Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş dövlətin, bir millətin övladları olaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq”-deyə millət vəkili bildirib.

 

Çıxışlardan sonra Bilkent Universitetinin kafedra müdiri dosent Tolga Bölükbaşın “Bağımsızlıktan Reformlara: Türkiye Cumhuriyeti'nin Yüzüncü Yılında Atatürk” və AzMİU-nun prorektoru Orxan Naqdiyevin “Heydər Əliyev: Zamanın fövqündə dayanan şəxsiyyət” adlı məruzələri dinlənilib.

 

Konfrans bədii hissə ilə davam etdirilib.