Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kazan Federal Universitetinin (KFU) Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, Filologiya fakültəsinin bir qrup əməkdaşı, KFU-nun Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru professor Radif Zamaletdinov, beynəlxalq əlaqələr və inkişaf üzrə direktor müavini, professor Elzara Qafiyatova və Kayum Nasiri adına Elmi-Tədris Mərkəzinin direktoru professor Alfiya Yusupova iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqlara universitet haqqında geniş məlumat verib, elmi-pedaqoji potensial və prespektivlərdən söz açıb.
Professor Radif Zamaletdinov 2010-cu ildə yaradılan Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun KFU-nun aparıcı və ən böyük institutlarından biri olduğunu, filologiya, təhsil, dizayn, incəsənət və mədəniyyətlərarası kommunikasiya sahələrində yüksəkixtisaslı mütəxəssislər hazırladığını qeyd edib. Professor, həmçnin institutda elmi və tədris mərkəzləri, elmi-tədqiqat laboratoriyaları, eləcə də əlavə təhsil mərkəzlərinin fəaliyyət göstərdiyini, onların geniş spektrli əlavə təhsil proqramları təklif etdiyini də əlavə edib.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri üçün vacib sahələr müzakirə edilib.
Daha sonra qonaqlar filologiya fakültəsində 44 günlük şanlı zəfər tariximizə həsr olunmuş “Zəfər stendi”ni, ADPU-nun şəhid tələbə və məzunlarına həsr olunmuş “Zəfər guşəsi”ni ziyarət edib, filologiya fakültəsinin kafedralarında və Kitabxana-İnformasiya Mərkəzində olublar.