Bakıda Təhsil Menecerləri Forumu keçirilib


Bakıda Təhsil Menecerləri Forumu keçirilib. Bu, Azərbaycanda bir ilk idi.

 

Forumda  “Təhsil səfərbərlik tələb olunan ikinci böyük sahədir”, “Təhsilə görə istirahətimizi, rahatlığımızı pozmalıyıq”, “Müəllim məktəbdə qidanın yox, biliyin keyfiyyətindən məsul tutulmalıdır” kimi fikirlər səsləndirilib, təhsildə idarəetmənin doğru modelinin tapılmasının önəmi vurğulanıb.

 

Yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov çıxış edərək forumun məqsədlərinə toxunub, perspektivlərindən danışıblar. Çıxışçılar problemləri də unutmayaraq onların həlli yollarına diqqət çəkiblər.

 

Şəmil Sadiq hesab edir ki, müəllim yetişdirmək üçün ölkəmizdə kifayət qədər təhsil müəssisəsi olsa da, təhsil menecerləri cəmi 2 universitetdə hazırlanır. Ancaq bundan sonra bu proses də sürətlənməli və təhsil menecerləri olaraq hazırlananların sayı artmalıdır. Səhiyyədə icraçı direktor və baş həkim olduğu kimi, məktəblərdə də idarəedicilər və müəllimlər fərqlənməlidir.

 

Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov təhsil idarəetməsində 2 önəmli yanaşmaya diqqət çəkib. 4500-dən artıq məktəb, 150 min təhsil verən və idarəedici, 1 milyon 600 mindən yuxarı şagird olan mürəkkəb bir sistemin idarəetməsində diqqət çəkən yeniliklərə nəzər salıb. Elm və Təhsil Nazirliyinin öz tabeliyindəki qurumların qeyri-mərkəzləşməsi istiqamətində həyata keçirdiyi  tədbirlərə toxunaraq bildirib ki, hələ yeni olan bu islahatların necə nəticə verəcəyi dəqiq görünməsə də, artıq yerli səviyyədə təhsilin idarəetməsində əvvəlki problemlər müşahidə olunmur.

 

Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində və ADA Universitetində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsilin idarəetməsi üzrə aparılan kadr hazırlığı prosesindən də söz açan E.Nəsibov bu istiqamətdə artıq ilk məzunların əmək bazarına daxil olduqlarını diqqətə çatdırıb: “Yaxşı müəllimi direktor təyin edərək onu itiririk. İnzibati idarəetmə ilə məşğul olan şəxs öz fənnini tədris edə bilmir. Odur ki, peşəkar idarəedicilərin hazırlanması bu problemin də həllini təmin edəcək”.

 

Forumda “Hədəf STEAM” Liseyinin qurucusu Şəmil Sadiq, deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, professor Hamlet İsaxanlı, “Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, “CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski, Bakı Şəhəri üzrə Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, biznes məsləhətçisi Fəxri Ağayev, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, təlimçi Fərid Seyfullayev, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov çıxış ediblər.

 

Jurnalist Orxan Cabbarlının moderatorluğu ilə “Uğurlu təhsil konsepsiyaları”, “Təhsildə idarəetmənin strategiyası”, “Məktəb idarəetməsindəki yanlışlıqlar”, “Yeni nəslə yeni təhsil”, “Təhsilin onlayn idarəedilməsi” və rəqəmsallaşma”, “Metamən” mövzularında panel müzakirələri aparılıb, təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsi kimi ən aktual məsələlərə toxunulub.

 

Müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media eləcə də ictimaiyyət nümayəndələrinin qatıldığı təhsil forumu direktorlar, direktor müavinləri, müəllimlər və təhsillə maraqlananlar üçün nəzərdə tutulub.

 

Ruhiyyə DAŞSALAHLI