AzMİU-da dizayn fakültəsi yaradılır


Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərimizdə geniş miqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Bu da ölkədə xüsusilə şəhərsalma, memarlıq, inşaat mühəndisi və dizayn ixtisasları üzrə mütəxəssislərə tələbatı xeyli artırır. Tələbatın qarşılanması üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni fakültə yaradılır. Artıq dizayn memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.

 

Ölkəmizdə “Dizayn” ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə təsadüf edən bu əlamətdar hadisə ilə bağlı Beynəlxalq Muğam Mərkəzində Dizayn Sərgisi təşkil olunub. Sərgidə universitetin “Dizayn” ixtisaslı tələbə və məzunlarının əl işləri, layihələri sərgilənib.

 

Sərgidə dövlət rəsmiləri, mədəniyyət xadimləri, universitet rektorları, ictimaiyyət nümayəndələri və özəl sektorun təmsilçiləri iştirak ediblər. 

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, yeni fakültənin yaradılmasına səbəb bu ixtisas üzrə hərtərəfli, daha keyfiyyətli, eyni zamanda daha çox sayda kadr hazırlamaqdır: “Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü ildə “Mühit dizaynı” ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə memarlıq fakültəsinin nəzdində dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə “Mühit dizaynı” ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə “Dizayn” ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Xüsusilə qeyd etmək lazımdır ki, xarici təcrübəni daha dərindən öyrənmək üçün 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”na əsasən, universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi yaradılıb. Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti oldu. Mərkəzdə başladılan və uğurla davam etdirilən əlaqələr nəticəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında “Dizayn” ixtisası üzrə ikili diplom proqramına başlanıldı və bu proqram davam edir.

 

Bu günə kimi 1400-ə yaxın məzunumuz olub. Əlbəttə ki, ölkəmizdə aparılan işlər fonunda bu, yetərli deyil. Yeni fakültənin yaradılması, dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır”.

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə AzMİU-nun memar və dizaynerlərinin rolunu yüksək qiymətləndirib: “Mən əminəm ki, rektorun da qeyd etdiyi kimi 1400-ə yaxın mütəxəssis hazırda Qarabağın yenidən qurulmasına böyük töhfə  verir. Cəmiyyətdə  yaxşı dizaynerlərə hər zaman ehtiyac duyulur. AzMİU cəmiyyətin bu tələbini tam doğrulda bilir. Sevindirici haldır ki, bundan sonra dizayn ayrıca fakültə olaraq ən qabaqcıl təcrübəyə əsaslanıb, beynəlxalq standartlara uyğun kadr hazırlığına davam edəcək”.

 

İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov isə mərkəzin fəaliyyəti barədə məlumat verib, yarandığı qısa müddət ərzində qazandığı nailiyyətləri diqqətə çatdırıb. Mərkəzdə mütəmadi olaraq dizayn ixtisaslı tələbələr üçün vörkşoplar, master-klaslar, seminarlar, sərgilər, beynəlxalq səviyyəli mütəxəssislərlə görüşlərin təşkil edildiyini bildirib.

 

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışlarında məzun və tələbələrin əl işləri və layihələrindən ibarət sərgini yüksək qiymətləndirib, AzMİU-da yeni yaradılacaq dizayn fakültəsinin gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.