Tələbələr yaponların boşluq və fəza fəlsəfəsi, onun tarixi aspektləri haqqında məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) məşhur yapon rəssamı Mami Takahaşinin “MA" anlayışı: Noh Performansında məkan və zaman” mövzusuna həsr olunmuş seminarı keçirilib.
Seminar Yaponiyanın Azərbaycandakı səfirliyi və AzMİU-nun birgə təşkilatçılığı, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin dəstəyi ilə gerçəkləşib.
Seminardan öncə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və qonaq Mami Takahaşi beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimovla görüşüblər. Görüşdə qonaqlara universitetin tarixi, tədris prosesi, akademik heyəti, ixtisaslar barədə geniş məlumat verilib.
Fərid Kərimovun moderatorluğu ilə baş tutan seminarda memarlıq fakültəsinin professor-müəllim heyəti, tələbə memar və dizaynerlər iştirak ediblər.
Mədəniyyət və məlumat şöbəsinin müdiri Higuchi Kazuki tədbir iştirakçılarını salamlayıb, Yaponiya mədəniyyəti ilə yaxından tanışlıq məqsədi daşıyan seminarın önəminə diqqət çəkib.
Mami Takahaşinin “MA" anlayışı: Noh Performansında məkan və zaman” mövzusuna həsr olunan təqdimatında yapon xalqının min illərdən gələn fəlsəfəsi və onun tarixi aspektləri barədə danışılıb.
Rəssam “MA” anlayışı, interyerdə bu anlayışın istifadəsi, yaponların Zen ideyaları ilə bağlı düşüncələrini bölüşüb. Bu anlayışın müxtəlif sənət növlərinə, o cümlədən vizual və performans sənətinə, memarlığa təsirindən danışıb. Mütəxəssis XIV əsrdən bəri məşhur olan Noh teatrında Zen konsepsiyası, hərəkətlər və səslər arasındakı sükunət, boşluq və fəza anlayışlarının buna təsirinə aydınlıq gətirib, yapon ənənəvi rəqslərində, tamaşalarda yer alan konsepsiyanın video materiallarla izahını verib.
Qeyd edək ki, müasir yapon incəsənətinin tanınmış rəssamı olan Mami Takahaşinin sənət əsərləri Yaponiyada Toriizaka Art, Cənubi Koreyada Gwangju Fork İncəsənət Muzeyi, Kanadadakı Cənubi Alberta İncəsənət Qalereyası, Texasdakı Beynəlxalq Muzey, Oreqondakı 510 Muzey və İncəsənət Məkanı kimi məşhur yerlərdə sərgilənib. Yaponiya və Amerikada müxtəlif beynəlxalq mükafatlara layiq görülüb.