Dünya alimləri Bakıda birgə müzakirə apardılar


Bu həftə “Clarivate Analytics” şirkətinin müxtəlif ölkələrdən olan bir neçə nümayəndəsi Bakıda olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəvəti ilə gələn heyət ölkəmizdəki aparıcı ali təhsil müəssisələrində görüşlər keçirib, elmi-tədqiqat institutlarının alimləri, universitetlərin professor və müəllimləri üçün təlimlər keçiblər. “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçirilən təlimlər “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzularını əhatə edib. Təlim iştirakçılarına məlumatlandırma sessiyaları təqdim olunub və onların sualları cavablandırılıb.

 

Xatırladaq ki, bu il iyulun 13-də ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Web of  Science” elmmetrik bazasına çıxış imkanının təmin edilməsi məqsədilə “Clarivate Analytics” şirkəti ilə müqavilə imzalanıb.

 

“Qəbul edəcəyimiz qərarlarda elmin ölçülə bilən meyarlarını nəzərə almaq önəmlidir”

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi təlimlər 2 gün İnformasiya Texnologiyaları İnstitutunda reallaşıb. Agentliyin direktoru Ülkər Səttarova bildirib ki, təlimlərdə, əsasən elmmetrik bazalarda məqalələrin çoxluğuna görə fərqlənən ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri - analitiklər, kitabxanaçılar, elmmetriya üzrə əməkdaşlar və s. iştirak edib. Lakin onların hansı ali məktəbdən olması və yaşı ilə bağlı hər hansı məhdudiyyət qoyulmayıb. Hər gün 70-100 nəfər iştirakçısı olan təlimlərə bütün ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından alimlər qatılıb: “Web of Science” bazasına çıxış imkanlarından bəhrələnmək yollarını bilmək, bundan sonra qəbul edəcəyimiz qərarlarda elmin ölçülə bilən meyarlarını nəzərə almaq önəmlidir. Bu kimi tədbirlər elmi müəssisələrdə, o cümlədən ali təhsil müəssisələrində çalışan professor, müəllim heyəti üçün çox vacibdir. Ona görə çalışırıq ki, müasir trendlərdən xəbərdar olan dəyərli mütəxəssisləri ölkəmizə dəvət edərək onların vasitəsi ilə bu cür imkanları alimlərimizə aşılayaq.

 

Web of Scienceilə münasibətlər imkan verdi ki, resurslarımızı təmərküzləşdirək

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Clarivate Analytics” şirkəti ilə elmmetrik bazalara çıxış imkanının təmin edilməsi məqsədilə imzalanan ilk müqavilədən sonrakı dövrə nəzər salıb. İndiki vəziyyətlə müqayisə edərək bildirib ki, o vaxtdan çox ciddi dəyişiklik olub: “İndeksləşmiş jurnallarda olurduq, amma  ayrı-ayrı elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin profillərinin yaranması, alimlərimizin özünəməxsus alim identifikliyinin  ortaya çıxması, alim profillərinin yaranması vacib məsələ idi. Elm və Təhsil Nazirliyi bu prosesə illər əvvəl başladı və nəticəsi olaraq elmi məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerə çıxdıq”.

 

“Web of Science” ilə münasibətlər imkan verdi ki, resurslarımızı təmərküzləşdirək”, - deyən N.Məmmədlinin fikrincə, Elm və Təhsil Nazirliyi, sadəcə monitorinq işi lə məşğul olur: “Vəziyyəti yaxşıya doğru dəyişmək üçün alternativlər üzərində düşünürük. Amma başqa hər hansı dəstək lazım olarsa, alimlərimiz üçün əlimizdən gələni etməyə hazırıq”.

 

Ruhiyyə DAŞSALAHLI