Bakıdakı 238 nömrəli tam orta məktəbin müəllimi Solmaz Süleymanova beynəlxalq müsabiqədə qalib olub. Belə ki, ingilis dili müəllimi Hindistanda AKS (Alert Knowledge Service - Sürətli Təhsil Xidməti) təşkilatı tərəfindən keçirilən beynəlxalq müsabiqədə “Qlobal müəllim” mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Hindistandakı Səfirliyinin birinci katibi Fəxri Əliyevin də iştirak etdiyi mükafatlandırma mərasimində S.Süleymanovaya kubok və sertifikat təqdim olunub.
Bu, S.Süleymanovanın ilk uğuru deyil. O, Dubayda keçirilən Qlobal Təhsil Mükafatları müsabiqəsində də "İlin pedaqoji lideri" nominasiyası üzrə qalib olub.
Qeyd edək ki, AKS təşkilatı tərəfindən keçirilən müsabiqənin əsas məqsədi Hindistanda və digər xarici ölkələrdə təhsil sisteminə əhəmiyyətli töhfələr verən şəxsləri (qurumları) tanımaq və mükafatlandırmaqdan ibarətdir. Beynəlxalq müsabiqədə 100 ölkədən seçilmiş müəllimlər iştirak edib.