Yeni tədqiqat ali təhsildə yeni meyilləri qiymətləndirir


İnnovasiyalar müasir təhsil trendləri sistemində universitetin fəaliyyətində özünü daha qabarıq göstərən keyfiyyət göstəricilərindəndir. Və dünya ali təhsil məkanında bu və ya digər universitetin nüfuzuna təsir edən əsas faktorlardandır. Son 10 il ərzində qlobal reytinqlərə baxdıqda ən çox çəkisi olan ali məktəblərin ön sıralarında innovasiyalara meyilli universitetlərin daha çox dominantlıq təşkil etdiyini görə bilərik. Dünyanın nüfuzlu “Röyter” agentliyi yeni tədqiqatını məhz innovativ universitetlər mövzusuna həsr edib. Amerikanın və eləcə də dünyanın ən nüfuzlu elmi bazalarından hesab olunan “Clarivate Analytics” şirkəti ilə birlikdə tərtib olunmuş reytinqdə əsasən “elmin inkişafı üçün maksimum işlər görən, yeni texnologiyalar ixtira edən, yeni bazarları və sahələri dəstəkləyən” yenilikçi universitetlər yer alıb.

 

Agentliyin dünyanın 100 ən innovativ ali məktəblərinin siyahısına artıq 4 ildir ki, ABŞ-ın nüfuzlu Stenford Universiteti başçılıq edir. Agentlik qeyd edir ki, Stenford Universitetinin son tədqiqatları süni intellekt sahəsində kəşfləri əhatə edir ki, onların da arasında əsasən pilotsuz maşınlar üçün yeni kameraların və farmokoloqlara yeni dərman preparatlarının insanlara təsirini modelləşdirməyə imkan verən platformaların hazırlanmasını göstərmək olar.

 

Reytinqdə yer almış 100 universitetdən 46-ı ABŞ-ın payına düşür. Sıralamada ikinci yer Massaçusets Texnologiya İnstitutuna, üçüncü yer isə Harvard Universitetinə məxsusdur. İlk beşliyin sonunda Pensilvaniya və Vaşinqton universitetləri yerləşib.

 

 

 

 

 

İlk onluqda, Amerika ali təhsil müəssisələrindən başqa, həmçinin yeddinci mövqeyi tutmuş Belçikanın Leven Katolik Universitetini və səkkizinci yerdə qərarlaşmış London İmperial Kollecini qeyd etmək olar. Ən böyük irəliləyiş Böyük Britaniyanın Mançester Universitetinə məxsusdur. Bu ali məktəb ötənilki 80-ci yerdən 53-cü yerə yüksələ bilib. “Röyter” bu sıçrayışı ali məktəbin qrafen sahəsində kəşfləri ilə izah edir. Reytinqdə ABŞ 46, Almaniya və Yaponiya 9, Cənubi Koreya 8, Çin, Fransa və Böyük Britaniya 5, İsveçrə 3, Belçika, Kanada, İsrail və Niderland 2, Danimarka və Sinqapur 1 universitetlə təmsil olunub.

 

Ümumilikdə yüzlükdə Asiyanın 22 universiteti yer alıb. Bu cür fəallığın arxasında isə hökumət tərəfindən innovasiya layihələrinin stimullaşdırılması üzrə yeni proqramların həyata keçirilməsi və ali məktəblərin diqqətinin patent almağa yönəldilməsi dayanıb.

 

Bir mühüm məqam da qeyd olunmalıdır ki, universitetin siyahının yuxarı və ya aşağı sırasında yerləşməsindən asılı olmayaraq, onların hamısı dünya üzrə top-100-lükdədir. Bütün bu universitetlər orijinal tədqiqatlar aparır, mühüm texnologiyalar yaradır və dünya iqtisadiyyatını stimullaşdırırlar.

 

Reytinq tərtib olunarkən ali məktəblərin akademik fəaliyyətinə dair çoxsaylı göstəricilər - universitetlərin patent almaq üçün təqdim etdikləri sifarişlərin sayı, ali məktəb əməkdaşlarının elmi işlərindən sitatgətirilmə əsas götürülür. “Röyter” qeyd edir ki, bu il Böyük Britaniyanın Avropa Birliyi tərkibindən çıxması kimi geosiyasi faktorun reytinqin nəticələrinə təsiri istisna olunmur. Agentlik hesab edir ki, bu prosesə hazırlıq Böyük Britaniya ali məktəblərində tədqiqatların sayının azalmasına səbəb ola bilər.

 

Oruc MUSTAFAYEV