Bakı Dövlət Universiteti (BDU) və İstanbul Texniki Universiteti (İTU) arasında 2024-cü ilin yanvar ayından doktorantura üzrə riyaziyyat və kimya sahələrində ikili diplom proqramlarına başlanılması barədə razılığa gəlinib.
Bu, iki universitetin imzaladığı anlaşma memorandumuna əsasən həyata keçiriləcək.
Bu sahədə birgə rəhbər və məsləhətçilərin, ortaq elmi-tədqiqat layihələrinin müəyyənləşdirilməsi məqsədilə ilin sonunadək BDU heyəti İTU-ya səfər edəcək. İnformasiya texnologiyaları və süni zəka sahələrində də ortaq layihələr həyata keçiriləcək.
Qeyd edək ki, ikili diplom proqramlarının əvvəlcə doktorantura, sonra isə magistratura və bakalavriat səviyyələrində kompüter elmləri, tətbiqi riyaziyyat, kimya, fizika və digər sahələrdə reallaşdırılması barədə ilkin razılıq əldə olunub.