Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfransın açılışı olub.  

 

Konfransda giriş sözü ilə çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar  bildirib ki, hər iki ölkənin tarixində 2023-cü il tarixi əhəmiyyət daşıyır. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili və Azərbaycanda "Heydər Əliyev İli"nin qeyd olunması tarixi hadisədir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən rektor qeyd edib ki, məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra Türkiyə-Azərbaycan əlaqələrində yeni səhifə açılıb. Hazırda da bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir.  

 

Necdet Ünüvar 2003-cü ildə səhiyyə nazirinin müşaviri olarkən Azərbaycana səfəri və Ulu Öndər Heydər Əliyevlə görüşü barədə xatirələrini bölüşüb: “Həmin görüşdə Heydər Əliyevin Türkiyəyə olan böyük sevgisinin şahidi olduq. O sevginin nəticəsidir ki, Azərbaycanla Türkiyənin möhkəmlənən qardaşlıq əlaqələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu ilə davam etdirilir”. 

 

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu. O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu”. 

 

Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxış edərək "Heydər Əliyev İli” çərçivəsində Ankarada həyata keçirlən tədbirlərdən danışıb, hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin Türk dünyasında elm və təhsilin inkişafına öz töhfəsini verdiyini bildirib.  

 

Daha sonra konfrans “Türk dünyası tarixində Heydər Əliyev” adlı panel iclası ilə davam edib.