Dövlət Strategiyası 5 il ərzində müəllimlərin peşəkar inkişafı üçün yeni imkanlar yaradıb


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasından 5 il keçir. Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasıdır. Başqa sözlə, təhsildə keyfiyyət müəllimdən başlamalıdır. Oktyabrın 18-də 'Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda keçirilən seminarda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbər heyəti - direktor Vəfa Yaqublu, müavinlər Nəzakət Mehdiyeva və Namiq Nağıyev təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin etmək üçün müəllimlərlə apardıqları işin hesabatını veriblər.

 

”5 il ərzində gördüyümüz işin real təsirini hiss etmək o qədər də asan olmayacaq”

 

"Oktyabr ayında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının 5 ili tamam olur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) bu Strategiyanın "övladı” sayılır”.

 

Bunu Dövlət Strategiyasının hədəflərinə uyğun olaraq yaradılan TİPİİ-nin direktoru Vəfa Yaqublu deyib. O, qeyd edib ki, hesabat vermək, nə etdiyini, niyə etdiyini sübut edə bilmək üçün 5 il iqtisadiyyatın başqa sahələri üçün kifayət qədər uzun vaxtdır: “Ancaq təhsil elə spesifik sahədir ki, 5 il ərzində gördüyümüz işin real təsirini hiss etmək o qədər də asan olmayacaq. Müqayisə üçün deyim ki, “Toyota” kimi nəhəng şirkət bir maşını sıfırdan yığıb satışa hazır vəziyyətə gətirmək üçün 29 saat vaxt sərf edir. Ancaq bir uşağın icbari təhsilini sona çatdırması üçün 9 il lazımdır. Odur ki, bu gün təhsillə bağlı verdiyimiz hər hansı qərarın kimin həyatında hansı təsir buraxacağını yalnız 9 il sonra müəyyənləşdirmək mümkündür. Kimdən sitat gətiririk-gətirək, görəcəyik ki, təhsildə bu gün verilən qərar onilliklərə hesablanacaq”.

 

Təhsil bu missiyanı yerinə yetirə bilirsə

 

TİPİİ rəhbəri Dövlət Strategiyasından irəli gələn tədbirlərə, rəhbərlik etdiyi qurumun 3 illik hesabatına məhz bu nöqteyi-nəzərdən baxmağı təklif edib: “Bu gün ən böyük uğurumuz Azərbaycanda təhsilin hamı üçün de- fakto və de-yure əlçatan olmasıdır. İndi hədəfimiz hamı üçün keyfiyyətli təhsilə əlçatanlıqdır”.

 

V.Yaqublu keyfiyyətli təhsil haqqında danışanda Avropa Şurasının təhsil siyasəti üzrə məşhur nümayəndələrindən biri olan Jak Delorun bir fikrini xatırladıb: “Delor deyirdi ki, təhsilin 4 missiyası var: bilik vermək, bacarıq aşılamaq, yaşamağı öyrətmək, başqaları ilə birgə yaşamağı təlqin etmək. Təhsil bu missiyanı yerinə yetirə bilirsə, deməli, keyfiyyətli təhsildir”.

 

Səbəb məktəblərdə biliklərin verilməməsi deyil...

 

TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva təmsil etdiyi qurumun 3 illik hesabatını kiçik dövrdə böyük işlərin ilk addımı kimi dəyərləndirib.

 

N.Mehdiyeva deyib ki, müəllimin peşəkar inkişaf imkanlarının düzgün müəyyənləşdirilməsi üçün əsas mənbə diaqnostik qiymətləndirmənin nəticələridir: “Diaqnostik qiymətləndirmə aşkar etdi ki, standartlara əsaslanan tədrisin təşkilində müəllimlərin böyük problemləri var. Uzun müddət ərzində fənnini yalnız ümumi orta təhsil səviyyəsində tədris edən müəllim artıq tam orta təhsil səviyyəsi üzrə məzmundan uzaq düşüb. Müəllimlər öz fənni ilə bağlı elmi, ya da ictimai olmasından asılı olmayaraq, yeniliklərlə tanış deyillər. Eyni zamanda, elmin sürətli inkişafı, informasiya bolluğu, dərsliklərin yenilənməsi və digər məsələlərin ortaya çıxardığı səbəblərlə əlaqədar olaraq peşəkar inkişafa ehtiyac duyurlar”.

 

Diaqnostik qiymətləndirmənin nəticələri təhsilverənlər üçün 3 vacib tələbi üzə çıxarıb. Təhsilverən fənnin məzmunu ilə bağlı mövcud biliklərini yeniləməli, fənnin tədrisi metodikası üzrə səriştəliliyi artırmalı və müasir pedaqoji yanaşmaların tətbiqi yollarını öyrənməlidir.

 

N.Mehdiyeva buraxılış imtahanlarında şagirdlərin nümayiş etdirdiyi təlim nəticələrinə və burada müşahidə olunan problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, şagirdlər nəzəri biliyin yoxlanmasına yönələn sualların cavablandırılmasında çətinlik çəkmirlər. Amma oxuduğu mətni təhlil etmək, ümumiləşdirib əsaslandırmaqla fikir yürütmək, riyazi, ya da təbiət fənninin sualı əsasında müəyyən bacarıqları nümayiş etdirmək lazım gələndə problemləri ortaya çıxır:

“Səbəb məktəbdə biliklərin verilməməsi deyil. Beynəlxalq qiymətləndirmələrin nəticələri də göstərir ki, şagirdlərimiz əldə etdikləri biliklərlə bağlı sualları cavablandırırlar. Ancaq bacarıqların nümayişində əziyyət çəkirlər. Məsələn, son illərdə buraxılış imtahanları nəticələrinin davamlı təhlili göstərdi ki, ana dili və riyaziyyat fənlərindən şagirdlərin əsas çətinliyi məntiqi, tənqidi və yaradıcı təfəkkür bacarıqlarını tələb edən tapşırıqlarda olur. Belə ki, riyazi situasiyaların həllini, fikrin əsaslandırılmasını tələb edən tapşırıqları yerinə yetirmək üçün şagird bu fəaliyyətləri illər ərzində dərs prosesində təkrar-təkrar etməlidir. Bu isə yalnız səriştəli müəllimin planlı fəaliyyətinin nəticəsi ola bilər. Buradan belə nəticə çıxır ki, məktəbdə müəllim bilik verdiyi üçün şagirdlər çətinlik hiss etmirlər. Bacarıqlar da aşılansaydı, onu da nümayiş etdirərdilər. Yəni, səbəb məktəblərdə biliklərin verilməməsi deyil, biliklərdən müvafiq şəkildə istifadə etmək bacarıqları üzrə aparılan işin səmərəliliyinin aşağı olmasındadır"’.

 

Aparılan monitorinqlər davranışla bağlı məsələləri də ortaya çıxarıb. Məlum olub ki, müəllimlər heç də yeniliklərin əleyhinə deyillər. Onlar yenilikləri qəbul edir və dəstəkləyirlər. Ancaq həmin yeniliklərin tətbiqinin daha səmərəli yollarını bilmədiklərindən bəzi məsələlərin tədrisini tələb olunan səviyyədə təşkil edə bilmir və ya diqqətdən kənarda saxlayırlar.

 

Ehtiyaca uyğun təlimlər

 

Beləliklə, araşdırma, təhlil və müşahidələr əsasında müəllimlərin ehtiyacı müəyyənləşdirilir və həmin istəyə uyğun olaraq ixtisasartırma proqramları təklif edilir. Proqramlarda standartlara əsaslanan məzmun öyrədilir. Müəllimlərlə düşünmə bacarıqları tələb edən tapşırıqlar həll olunur və hazırlanması təcrübəsi həyata keçirilir. Onlara məqsədəmüvafiq və etibarlı qiymətləndirmə öyrədilir.

 

Məlumata görə, 2018-ci ildə fənnin məzmunu üzrə aparılan ixtisasartırma təlimləri 2 şəhər, 31 rayon üzrə 12050 nəfəri əhatə edib. Onların qiymətləndirilməsi hələ keçirilməyib.

 

TİPİİ-də sadəcə fənnin məzmunu üzrə proqramlar deyil, müxtəlif adda proqramlar hazırlanıb. “Yazı işinin təşkili metodikası”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası”, “Sinfin idarə edilməsi”, “Nitq qüsurlarının korreksiyası”, “Qeyri-ənənəvi rəsmçəkmə texnikaları”, “İnklüziv siniflərdə təlimin təşkili”, “Həyat bilgisi fənninin tədrisi metodikası”, “Alqoritmika. Proqramlaşdırmanın tədrisi metodikası”, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” adlanan həmin proqramlar müəllimlərin ehtiyacına uyğun hazırlanıb.

 

TİPİİ məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlayıb sınaqdan keçirir. Direktorlar “Təhsildə idarəetmə və təşkilatçılıq”, “Sənədlərlə iş”, “Kurikulum. Məktəbdaxili qiymətləndirmə”, “Məktəb idarəçiliyində maliyyə”, “Məktəb idarəçiliyində İKT-dən istifadə”, “Statistika”, “Tənqidi və məntiqi təfəkkürün əsaslan”, “Emosional intellektin inkişafı” proqramları üzrə təlimlərə cəlb ediliblər.

 

Əlavə təhsilin keyfiyyətinə nəzarət

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu müxtəlif ali və əlavə təhsil müəssisələri tərəfindən ölkədə aparılan təlimlərin ixtisasartırma təhsili kateqoriyasına daxil edilməsi üçün müəyyən qaydalara cavab verməsini tənzimləyir və buna görə məsuliyyət daşıyır. Bundan başqa, müəllimlərin işə qəbulu müsabiqəsini də məhz TİPİİ təşkil edir. Təhsil işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, ixtisasartırma proqramlarının hazırlanması, rəy üçün təqdim edilmiş proqramların təsdiqi, təlimlərin monitorinqi, təlim iştirakçılarının yekun qiymətləndirilməsi və müvafiq sertifikatların verilməsi TİPİİ-nin vəzifəsidir.

 

Müəllimlər üçün öyrədici təlim resursları da TİPİİ-də hazırlanır. Tövsiyələr, videoçarxlar, elektron metodik vasitələr və s. hər zaman maraqla qarşılanır.

 

Qiymətləndirmədə 2 məqsəd

 

Peşəkar İnkişaf proqramlarının yekununda müdavimlərin qiymətləndirilməsinin məqsədlərinə də toxunan Nəzakət Mehdiyeva deyib: “Burada 2 məqsədimiz var. Həm ixtisasartırma təlimində iştirak edən müdavimlərin nə dərəcədə müvəffəqiyyətlə həmin təlimlərin məzmununu mənimsədiyini, həm də təlim proqramının özünün nə qədər müvəffəqiyyətli olduğunu müəyyənləşdirmək üçün qiymətləndirilmələr keçilir. Həmin qiymətləndirilmənin nəticəsi olaraq da proqramlar təkmilləşdirilir”.

 

TİPİİ direktorunun müavini Namiq Nağıyev qiymətləndirmənin əhatə dairəsi və qiymətləndirmə sistemindəki yeniliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, 2015-2018-ci illər ərzində Bakı şəhərindən 10645, ölkənin digər bölgələrindən isə 19002 olmaqla, ümumilikdə 29647 müəllim qiymətləndirmələrə cəlb olunub.

 

Qiymətləndirmənin məzmunu və təşkilindən danışan N.Nağıyevin sözlərinə görə, müdavimlər tədris olunan material əsasında hazırlanan qiymətləndirmədə iştirak edirlər: “Bu ilin 9 ayı ərzində qiymətləndirməyə cəlb olunan müəllimlərin sayı 6074 nəfərdir. Onlardan 1981 nəfəri Bakı, 4093 nəfər regionları təmsil edir. Hazırda təlimə cəlb olunmuş 25182 müəllimin qiymətləndirilməsinin həyata keçirilməsi və prosesin bu ilin sonunadəkyekunlaşdırılması planlaşdırılır. Bununla da 2018- ci ildə qiymətləndirməyə cəlb olunan müəllimlərin sayı 31256 nəfərə yüksələcək”.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində media nümayəndələri üçün seminarlar davam edəcək. Növbəti seminar Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində olacaq

 

Ruhiyyə Daşsalahlı