Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə yürüş keçirdi
Budəfəki yürüş məsafəsi 3 kilometrə qədər idi. Elm və Təhsil Nazirliyinin Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən keçirdiyi, artıq ənənəvi hal olan “Bayraq yürüşü”nü deyirik. 9 Noyabr -Dövlət Bayrağı Günü ilə əlaqədar əvvəlki illərdə Bakı şəhərində, Tərtər rayonunda, Füzuli rayonunun Horadiz şəhərində və Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən yürüş bu il noyabrın 6-da Laçın şəhərində reallaşdırıldı. Əhvali-ruhiyyə, xüsusilə yüksək idi. Axı, “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilən, bir güllə atılmadan geri qaytarılan torpaqda olacaqdı...
Bakıdan başlayan yürüş ruhu
Yürüş əhvalı Bakıdan yarandı. Elm və Təhsil Nazirliyinin xeyli qonaqları vardı: sertifikatlaşdırma prosesinin fərqlənənləri, müəllimlikdə seçilənlər, şəhid ailələrinin nümayəndələri, müharibə iştirakçıları, qazilər, bir də jurnalistlər...
Bayrağımız bütün Qarabağda dalğalanır!
Yürüş 2 nömrəli məktəbdən başladı. Əvvəlcə, yürüş iştirakçıları - Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbiçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri məktəbin həyətində toplaşıb qürur dolu hisslərini biri-birilə paylaşdılar.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov həyəcanını gizlətmədi. Laçına gələrkən yol boyu gördüklərinin təsiri altında qaldığı sözlərindən olduğu kimi, səsindən də aydın hiss olunurdu: “Bakıdan Laçına gələrkən, bu torpaqlara diqqət yetirərkən kədərlənirdim ki, düşmənlər torpaqlarımızı darmadağın ediblər. Lakin buradakı quruculuq işlərini görəndə qürur hissi keçirdim. 30 ildən bəri arzumuz vardı ki, bu bayraq bütün Qarabağda dalğalansın. Bu gün bütün Qarabağda, o cümlədən Xankəndidə, Laçında üçrəngli bayrağımız dalğalanır. Burada indi bayrağımızın dalğalanması heç də asan olmayıb. Gələcək nəsillər bunu dərk etməli, bayrağı qorumalıdır. Bu bayraq dalğalanırsa, şəhidlərimizin qanı bahasına olub. Ona görə onların ruhu qarşısında baş əyməliyik. Çalışmalıyıq ki, bundan sonra torpaqlarımızda sülh və əmin-amanlıq olsun. Bunda da təhsilin çox böyük rolu var. Çünki təhsil hər ölkənin gələcəyinin uğurlu təminatçısıdır. Uşaqlarımızı necə formalaşdıracağıqsa, gələcəyimizin onlardan asılı olacağını unutmamalıyıq. Gələcək inkişaf bugünkü uşaqlardan asılıdır. Əminəm ki, bu nəsil gələcək inkişafımızı uğurla təmin edəcək”.
“Bu günü uzun müddət idi gözləyirdik”
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çoxdan gözlənən bir gün yaşadıqlarını, Zəfər Gününü, ardınca Bayraq Gününü Laçında qeyd etməyin qürurunu dilə gətirib: “İlk dəfə Laçında “Bayraq yürüşü” keçirilir. Bu günü uzun müddət idi gözləyirdik”.
Laçındakı inkişafı qürurla anladan M.Məmmədov 2023-cü ilin uğurlarını xüsusi vurğulayıb: “Laçında yeni keyfiyyətli binalarda yaşayırıq. Laçında müəssisələr fəaliyyətə başlayıb. Məktəblərdən uşaq səsi gəlir, bu yaxınlarda bağçalar da istifadəyə veriləcək. Binalardan gündüzlər səslər, axşamlar işıq gəlir. Bu, o deməkdir ki, Laçın yaşayır, inkişaf edir. Gələcəkdə bu inkişaf daha böyük olacaq”.
Şəhid anası: “Qarşıma bir məqsəd qoymuşam!”
Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova bu yürüşün Laçında keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb: “Hərbiçi həyat yoldaşı kimi 17 il onların mübarizəsini görmüşəm. Arxayınıq ki, siz bizi qoruyursunuz. Mən sizin məşəqqətli həyatınıza şahidəm. Bayraq Gününün Laçında keçirilməsi böyük bir hadisədir. Qarabağda şəhid, qazi olanların çoxu, sadəcə orta məktəbi bitirmişdi. Əziz müəllimlər, onların qəlbinə ilmə-ilmə vətən sevgisi qoya bilmisiniz”.
Şəhid Əlihüseyn Məmmədovun anası, Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova da yolboyu keçirdiyi düşüncələri dilə gətirdi: “Şəhid anası olmaq çətindir, onun qürurunu çiyinlərində daşımaq, şəhid balanın adına layiq olmaq lap çətindir. Qarşıma bir məqsəd qoymuşam. Şagirdlərimiz olan Azərbaycan övladlarını şəhidlərimizin canı bahasına aldıqları torpaqlara bağlı böyütməyə, vətənpərvər, tarixi köklərinə bağlı yetişdirməyə çalışacağam”.
Məktəblilər bayraq üçün yürüdülər
Sonra məktəblilər “Bu gözəl vətəndir” mahnısını ifa ediblər. 200-dən çox yürüş iştirakçısı məktəbdən Laçındakı Seyrəngaha doğru start götürdü. Xorla “Ay Laçın” mahnısını ifa edən yürüşçüləri məktəbin həyətində musiqi müşayiət etsə də, yol boyu ifa musiqisiz davam etdi. “Ay Laçın” mahnısını marşlar, şüarlar əvəz etdi.
Yürüş iştirakçısı İpək Təhməzova VI sinif şagirdidir: “Mahnı hazırlamışdıq. Hazırlayarkən də, bu gün oxuyarkən də qürur hissi keçirdim. Çox arzulayırdım ki, bir gün ailəmin dilindən düşməyən Laçını mən də görüm. Zəfər bayramımızı burda qeyd etməyin qürurunu yaşayıram”.
Röya Nəsibzadə VI sinif şagirdidir: “Bu gün çox xoşbəxtəm, belə təntənəli gündə iştirak edirəm, atamın, anamın oxuduğu məktəbdə təhsil alıram. VIII köçdə gəlmişəm, evimiz əvvəlkindən daha gözəl, daha rahatdır, çünki Laçındadır!”
Rüxsarə Nəsibzadə Laçın şəhər 2 nömrəli tam orta məktəbin təşkilati işlər üzrə direktor müavindir. O, doğma şəhərində qonaq qarşılamağın sevincini yaşayır: “Bayramımızı, Zəfər Günümüzü Laçında qeyd etməyin xoşbəxtliyini heç bir sözlə ifadə edə bilmərəm. Qonaqlarımızı Laçında qarşılamaqdan qürur duyuram. Hamınız xoş gəlmisiniz”.
Arzu Əliyeva X sinifdə oxuyur. Laçına may ayından köçüblər və bu gün burda olmağı ilə fəxr edir: “Yürüşdə hərbi geyimdə, əsgərlərimizin ardında irəliləmək tamam fərqli hissidir. Əslində, biz bir musiqi nömrəsi hazırlamışdıq. Bu mənim hazırladığım rəqs üçün səhnə geyimim idi. Amma həm də bu günün geyimi oldu. Bu gün bu geyimdə olmaq da tamamilə fərqli hissdir”.
Turan Elxanlı VII sinifdə oxuyur: “İlk dəfə yürüşdə iştirak edirəm. Ermənilər içib Şuşada yallı gedəndə necə bizim ürəyimiz partlayırdı, indi onların ürəyini partlatmaqdan həzz alıram. Bu gün ən çox ona sevinirəm ki, haqq-ədalət öz yerini tapdı”.
“Ən böyük millət bizim millət” deyə dostları ilə şüar səsləndirən balaca məktəbli V sinif şagirdi Emin Əkbərovdur: “Bu fikir mənim fikrimdir. Çünki həqiqətən ən böyük millət bizim millətdir. Çünki bizim əsgərlərimiz güclüdür. Onlar olmasa, biz bu torpaqlara qayıda bilməzdik”.
Şagirdlərin dilində bir də “Qarabağ bizimdir, bizim qalacaq” şüarı var. Nurxan Məhərrəmli III sinif şagirdidir. İyul ayından Laçındadırlar deyir: “Şadam ki, vətənimizə qovuşmuşuq”.
Yürüş iştirakçısı Aydan Xıdırova Laçın sakinidir: “İyul ayından Laçındayıq. Qürur duyuruq ki, Zəfər Günümüzü öz şəhərimizdə qeyd edirik. İllərlə duyduğumuz Laçın həsrətinə elə bil məhz bu gün burada son qoyduq. Laçında olmağın qürurunu ürəkdolusu bu gün hiss etdik. Burda hər an gözlərim dolur, qəhərlənirəm. Şəhidlərimizin ruhu şad olsun”.
Yürüş məqsədinə çatdı!
Bu gün Zəfər Günü, sabah Bayraq Günüdür. Yürüş məhz bu tarixi günlərə həsr olundu. İştirakçıları Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri, vətənpərvərlik hisslərinin yetişməkdə olan nəslin iliyinə qədər hopdurmaq, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaq məqsədilə yola çıxdılar. Yürüş öz məqsədinə çatdı. Bunu yürüş iştirakçılarının, sadəcə əhvali-ruhiyyəsi ilə ölçmədik. Bu, böyük bayrağı qürurla daşıyan, hər addımında Zəfər yolunda baş qoymağa hazır olduğu görünən əsgərlərin arxasınca həvəslə gələn məktəblilərin dabanlarını döyə-döyə addımlarını əsgərlərin addımlarına uyğunlaşdırmaq cəhdindən, çöhrələrində hərbiçi zəhmi yaratmalarından, dillərindəki marş sözlərindən, səsləndirdikləri şüarlardan, əyinlərindəki hərbi geyimlərindən, səslərindəki “Mən də qalibəm!” əzmindən də görmək olardı.
Ruhiyyə DAŞSALAHLI
Bakı-Laçın-Bakı