Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr edilmiş gənc alimlərin beynəlxalq payız məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, tədbirin Təşkilat Komitəsinin üzvləri, eləcə də Botanika İnstitutunun kollektivi, xarici qonaqlar, gənc mütəxəssislər və aidiyyəti şəxslər iştirak ediblər.
Akademik İsa Həbibbəyli qeyd edib ki, gənclərin elmdə yeri, gənc alimlərin hazırlanması məsələsi bu gün dünya elminin və akademiyalarının başlıca vəzifələrindən biridir. Cari ilin sentyabr ayında dünyanın 230 elmi akademik qurumunu birləşdirən Beynəlxalq Elmi Şuranın iclasında iştirakı barədə məlumat verən akademik tədbirdə süni intellekt, iqlim dəyişikliyi kimi aktual məsələlərin müzakirəsi ilə yanaşı, gənc elmi kadrların hazırlanması probleminin də diqqət mərkəzində olduğunu, geniş fikir mübadiləsinin aparıldığını söyləyib.
İ.Həbibbəyli dövlətimiz tərəfindən gənclərin stimullaşdırılması istiqamətində mühüm addımların atıldığını, doktorantların təqaüdlərinin artırıldığını bildirib. Həmçinin AMEA-da elmin gəncləşməsi, gənclərin 30 yaşa kimi müdafiə etməsi istiqamətində mühüm addımların atıldığını, doktorantların işlə təmin edildiyini və onlara ixtisas fənnindən seminarların keçirildiyini, beynəlxalq konfranslara, təcrübələrə göndərildiklərini, Rəyasət Heyətinin qərarı ilə “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis olunduğunu, Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırıldığını, ingilis dilində nömrəsinin artıq çap mərhələsində olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, gənclərin elmi tədqiqatlara cəlb edilməsi Azərbaycanın sosial, iqtisadi, innovativ gələcəyi üçün vacib məsələlərdəndir. Onun sözlərinə görə, elmin kommersiyalaşdırılması, alimlərimizin intellektual əməyinin bəhrəsinin sənayedə tətbiqi bu gün mühüm məsələlərdəndir.
İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva çıxışını Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında dediyi “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”- sözləri ilə başlayıb. Vurğulayıb ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir.
Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova "Heydər Əliyev İli"nə həsr edilmiş gənc alimlərin beynəlxalq payız məktəbi tədbirində umumilikdə 12 elmi-tədqiqat institutu və universitetlərdən 60-a yaxın yerli və xarici gənc alimin iştirak etdiyini deyib.
Konfrans işini müxtəlif elmi istiqamətlər üzrə bölmə iclaslarında davam etdirib. Məruzələr və poster məruzələr ətrafında müzakirələr aparılıb.