Paytaxt məktəblərində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
“Müstəqil Azərbaycan”, “18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü", “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz əbədidir!”, “Müstəqilliyimiz milli sərvətimizdir” və digər tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildiriblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb.
Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.