Ötən gün Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi ilə İctimai TV-nin birgə hazırladığı “Şuşa maarifi” adlı sənədli filmin təqdimatı keçirildi.
Filmin ssenari müəllifləri Cəsarət Valehov və Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur.
“Şuşa maarifi” filminin yaradıcı heyəti tamamilə başqa, alışmadığımız, öyrəşmədiyimiz, incəsənətin, musiqinin, dumanlı dağlarının fonunda gizlənmiş intellektual Şuşanı tanıtdırır bizə.
Əlbəttə ki, harada zəngin mədəniyyət, dərin incəsənət ənənəsi varsa, mütləq ki orada kökü-köməci alt qatları yaran nəhəng ağac var, gövdə var.
Bu, təhsil ağacıdır, budaqları elə oradan boy atıbmış.
Sən demə, Şuşa nə qədər unikaldırsa, o qədər də universaldır.
Hansı tərəfdən baxsan, hər üzü təəccübləndirir, valeh edir adamı.
İndiyədək Şuşanı mədəniyyət beşiyi kimi tanımamışdıqmı, belə deyildimi?
Təkcə belə deyilmiş.
Qəhrəmanlıq tarixi bir ayrı, mətbəxi bir ayrı, təbiəti də ki danış, təriflə bitməz.
Bu dəfə isə zəngin təhsil mirası ilə heyrətləndirdi, Şuşa.
Filmin ilk kadrlarında gecənin qaraltısında kiçik qığılcımla yandırılan ocaq görünür. Hər şey bu qığılcımdan başlayır.
Ocaq bir rəssamın, sənət fədaisinin əli ilə yandırılır.
Bu, məhz Şuşaya, mədəniyyət beşiyinə yaraşan rəmzdir (yaxşı düşünülüb).
İşıq getdikcə ətrafa yayılır, hər yan aydınlanır, bərq vurur.
Rəssam rənglərin içində yorğun düşmüş, təravətini itirmiş nimdaş fırçasını ürəklə təmizləyir, çörək ağacını qayğı ilə yenidən ağardır.
Ocağın işığı parladıqca Şuşa tarixinə səyahətə çıxırıq, qaranlıqdan aydınlığa yol alırıq.
Tamaşaçı Azərbaycanın XIX əsrinə, dağların tacı Şuşaya qonaq olur.
Müsəlman ölkəsinə xas ənənəyə sadiq olaraq bu şəhərdə də təhsil məsciddən başlayıb. Savadlı, təhsilli gənclər deyiləndə, məhz dini təhsilli gənclərin yetişdirildiyi dövrə nəzər salırıq.
Əsrin əvvəllərində şəhərdə tərkibində məktəb və mədrəsə olan 17 məscid fəaliyyət göstərirmiş. İbtidai təhsil məscidin din xadimləri tərəfindən verilir. Burada yalnız 6 yaşdan yuxarı oğlanlar təhsil alırlar. Təhsilin əsasını isə ərəb və fars dillərinin öyrənilməsi, Quranın oxunması təşkil edirdi.
Filmin bu yerində müasir təhsil metodları ilə müqayisə olunacaq və örnək sayıla biləcək məqam diqqəti çəkir. Müəllim dini proqramı çətinliklə mənimsəyən şagirdlər üçün məxsusi proqramlar tərtib edir. Eləcə də, yuxarı siniflərdə oxuyan, daha istedadlı, bacarıqlı uşaqlar yoldaşlarına öyrənməkdə dəstək olurdular.
Burada təkcə dərslər keçirilmir, şagirdlər arasında dostluq, möhkəm bağ qurulur. Onlar fasilədə yeməklərini birgə yeyir, söhbət edir, doğmalaşırdılar.
O dövrü xatırladan geyim tərzi, incəliklə seçilmiş şagird simaları çox təbiidir və mükəmməl rəssam - rejissor tandemi bu təsvirləri tamaşaçıya ustalıqla çatdırır.
Filmdə qızların təhsilə cəlb olunmasının xüsusi vurğulanması ən təsirli və ürəkaçan hissələrdəndir.
İmkanlı, xeyriyyəçi şəxslər qızlar üçün evlərini, malikanələrini məktəbə çevirirmişlər, ailə məktəbləri yaradırmışlar.
Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan, Qasım bəy Zakirin nəvələri və digər tanınmış ziyalı qadınlar məhz bu ailə məktəblərində yetişiblər.
Təsəvvür edin, dini təhsilin, dini adət-ənənələrin hakim olduğu dövrdə Şuşada qızların təhsil almasının vacibliyi gözardı edilməyib. Həmin dövrün ziyalıları əsassız dini mövhumatın cəngindən xilas ola biliblər. Gələcəyə, dünyəvi təhsilə kökləniblər.
Filmin süjet xətti məhz Şuşada XIX əsrə aid bütün təhsil hərəkatını ardıcıllıqla göstərir. Bir-birindən maraqlı, təəccübləndirən faktlar filmin dinamikasını sonadək qoruyur.
Xüsusən, təhsil sahəsində çalışanlar iki əsri geridə qoymağımıza baxmayaraq Şuşa mühitindəki təhsil təcrübəsindən yararlana bilərlər.
Məscid təhsilindən ta Şuşa Real Məktəbinə qədər keçən dövr, mədrəsə yaratmağı özünə savab bilən imkanlı şəxslərin xeyriyyəçiliyi, vəqflərin yaranması, tələbə təqaüdlərinin tarixçəsini izləmək, ümumilikdə, təhsilimizin keçmiş ənənələri ilə bağlı təəssüratlarımızı dəyişir, insanda xoş və qürurverici hisslər oyadır.
Burada müxtəlif illərdə yaradılan məktəblərə Avropa təhsil sisteminə aid proqramlar gətirilir, tələbələrə nücum, həndəsə, riyaziyyat, coğrafiya, kənd tərərrüfatına aid biliklər, ana dili ilə yanaşı, ərəb, fars, fransız, rus dilləri öyrədilirdi.
Bu mühit Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov kimi işıqlı ziyalılar yetişdirib.
Filmdən öyrənəcəyimiz maraqlı və faydalı məlumatlar çoxdur və əmin olun ki, bir vətəndaş kimi eşitdikləriniz həm də sizi çox sevindirəcək.
Klassik nəsrimizdə, dramaturgiyamızda tənqid olunan cahillik, avamlıq o dövrdə çox rast gəlinən hallar olsa da, amma kütləvi deyilmiş. “Poçt qutusu”ndakı Novruzəli elə indinin novruzəliləri qədərmiş, yəni, cəmiyyətdə elmin işığına sarı gedən, biliklər qazanmaq üçün səy göstərən, ölkənin ziyalısına çevrilən nə qədər savadlı insanlar da olub. Demək ki, oxuduğumuz əsərlərdən bir az yanlış anlamışıq, nahaqdan kədərlənmişik.
Filmi izlədikcə adam davamını görmək istəyir, XX əsrin Şuşasını, bütünlüklə Azərbaycan təhsilini də bu dərinlikdə, bu detallıqla izləmək, öyrənmək ehtiyacı hiss edir.
Bu film məktəblərdə şagirdlərə tövsiyə olunmalı, izlədilməli, öyrədilməli filmdir.
Bir sözlə, “Şuşa maarifi” əla bir yaradıcı işdir! Yaradıcı heyətə eşq olsun!
Gülnarə İLHAM