Ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün seminar keçirilib.

 

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə keçirilən seminarda Nərimanov rayonu üzrə tam orta məktəblərin ingilis dili müəllimləri iştirak edib.

 

Seminarın keçirilməsində əsas məqsəd İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübənin dərslərdə tətbiq olunmasından ibarətdir.

 

Qeyd edək ki, seminara Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində “Sinfin idarəolunması” mövzusunda keçirilən təlim proqramını müvəffəqiyyətlə başa vuran ingilis dili müəllimi Reyhan Rzayeva moderatorluq edib.

 

Seminar zamanı moderator sinfin idarəedilməsinə dair təqdimatla çıxış edib.

 

Seminar iştirakçıları şagirdlərin idarə olunması, valideynlərlə işin təşkili, korporativ əməkdaşlıq, verilənlərin analizi və monitorinqi, effektiv kommunikasiya mövzuları barədə beynəlxalq təcrübə ilə tanış olublar. Seminarda məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqla bağlı müəllimlərə tövsiyələr də verilib.

 

Eləcə də, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübə ətrafında ingilis dili müəllimlərinin təəssüratları dinlənilib, suallar cavablandırılıb.