Proqram elm və təhsil sahəsində insan resurslarının formalaşdırılmasında müstəsna rol oynayacaq


“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayıb. Bu barədə Təhsilin İnkişafı Fondunun rəsmi səhifəsindəki “layihələr” bölməsində məlumat yerləşdirilib. Proqrama qatılmaq istəyənlər dekabrın 15-dək həmin bölmədəki keçid vasitəsilə müraciət edə bilərlər. Oktyabrın 20-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Elm və Təhsil Nazirliyi, həmçinin Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib.Təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova və nazirliyin Korporativ idarəetmə sektorunun müdiri Şəhriyar Laçınov layihə ilə bağlı geniş məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

 

Mərkəzləşmiş təcrübə imkanı

 

“Maarifçi” elm və təhsil sahəsində tələbələr və məzunlar üçün mərkəzləşmiş təcrübə imkanları yaradır. Elm və Təhsil Nazirliyi və tabe qurumlarında həyata keçiriləcək layihənin məqsədi sözügedən sahədə insan resurslarının formalaşdırılmasıdır. Praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılmasına nail olacaq, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələrini təmin edəcək, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olacaq.

 

Kimlər “Maarifçi” ola bilər?

 

“Maarifçi” proqramında elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyənlər iştirak edə biləcək. Müraciətçilər arasından ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 ilin məzunları seçiləcək. Təbii ki, onların orta müvəffəqiyyət göstəricisi 71 (4 ballıq sistemdə 1.7 və yuxarı) və yuxarı, təhsil göstəriciləri yaxşı səviyyədə olarsa... Bundan başqa, ixtisas təhsilinin müraciət etdiyi sahəyə uyğun olması da arzuolunandır.

 

“Maarifçi”nin əhatə etdiyi ixtisas sahələrinə gəlincə, siyahı genişdir: İnformasiya texnologiyaları və elektron xidmətlər, analitik təhlil və araşdırma, layihələrin idarə olunması, insan resursları, ümumi idarəetmə, təhsil idarəetməsi (ümumi və ali təhsil), ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, sənədlərin dövriyyəsi, arxiv işi, beynəlxalq əlaqələr, hüquq, vətəndaşlarla iş (vətəndaş qəbulu, yazılı, elektron, maliyyə və zəngli vətəndaş müraciətlərinin cavablandırılması), statistika, qrafik dizayner, sosial media idarəetməsi.

 

3 mərhələdə SEÇİM

 

Seçim prosesi ərizə forması, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir. Mərhələlərdən uğurla keçən namizədin ərizə formasında qeyd etdiyi müvafiq struktur bölməyə yerləşdirilməsi nəzərdən keçiriləcək.

 

Seçimi nazirliyin İnsan resursları və İnformasiya  və Vətəndaşlara xidmət şöbələrinin, Təhsilin İnkişafı Fondu, eləcə də, təcrübə proqramının icra ediləcəyi qurumun nümayəndələrindən ibarət idarəetmə komissiyası həyata keçirəcək.

 

Proqram çərçivəsində təlimlərə, təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərinə də qatılacaqlar

 

Seçim prosesində uğur qazanan namizədlər proqram çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparatı, qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Bu proses getdikcə genişlənəcək və nazirliyin daha çox qurumunu əhatə edəcək. Belə ki, ilk mərhələdə təcrübəçilər Elm və Təhsil Nazirliyinin müvafiq şöbələrində, Məktəbəqədər və Ümumi Təhsil üzrə, Elm və Ali Təhsil üzrə və Peşə Təhsili üzrə dövlət agentliklərində təcrübə keçəcəklər. Proses ikinci mərhələdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsilin İnkişafı Fondu, Təhsil Tələbə Krediti Fondu, Peşə Təhsilinin İnkişafı Fondu, Uşaqların Müdafiəsi İdarəsi, regional təhsil idarələrini də əhatə edəcək.

 

Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.

 

Qeyd edək ki, seçim prosesində uğur qazanan IV kurs tələbələri istehsalat təcrübəsini “Maarifçi” proqramında keçdikdən sonra müvafiq sənədlərlə təmin olunacaqlar. III-IV kurs tələbələri tədris müddətində yarım iş günü, məzunlar isə tam iş günü təcrübə prosesinə qoşulacaqlar.

 

Təcrübə 2 dəfə 3 ay olacaq

 

“Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçiriləcək. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar da veriləcək.

 

Nazirliyin strukturuna daxil olan qurumlarda təcrübə proqramının iştirakçılarının gündəlik xərcləri Təhsilin İnkişafı Fondunun ayırdığı vəsaitlə təmin ediləcək.

 

Nazirliyin strukturuna daxil olmayan tabe qurumlarda təcrübə keçən iştirakçıların xərcləri isə birgə fəaliyyətdən cəlb olunan vəsait hesabına təmin ediləcək.

 

Qeyd edək ki, iştirakçıların günlük yol və qida xərclərinin qarşılanması məqsədilə hər bir təcrübəçiyə aylıq 200 manat ödəniş nəzərdə tutulub.

 

Təcrübə proqramı nəyə hesablanıb?

 

“Maarifçi” proqramının icrasından müəyyən gözləntilər var. İlk növbədə, layihənin icrası sayəsində Elm və Təhsil Nazirliyinin fəaliyyəti və məqsədləri daha yaxşı başa düşüləcək. Şəffaflıq üçün də təcrübə proqramı uğurlu yol sayılır. Belə ki, iş prosesi tələbə və məzunlara açıq olacaq. Onlar nazirliyin layihə və proqramlarında fəal iştirak edəcəklər. Tələbə və məzunlar üçün dəyərli təcrübə və bacarıqlar qazandıracaq proqram onların arasında kommunikasiya və əməkdaşlıq imkanlarını genişləndirəcək, elm və təhsil sahəsində gələcək iş imkanlarını artıracaq və beləliklə, “Maarifçi” tələbə və məzunların şəbəkəsi formalaşacaq.

 

Bacarıqlı, təhsilli, yüksək motivasiyalı şəxslərlə işləmək təhsilin inkişafına səbəb olacaq

 

Səbuhi Rzayev təqdim olunan layihə ilə bağlı “Azərbaycan müəllimi” qəzetinə danışarkən ölkə üçün tamamilə yeni olan təcrübə imkanlarını yüksək dəyərləndirib: “İndiyədək tələbələr üçün təcrübə imkanları yaradılsa da, bu, mərkəzləşmiş səviyyədə olmurdu. Hər qurum özü təcrübə proqramı elan edir, müəyyən kriteriyalarla bacarıqlı tələbələri özünün təcrübə prosesinə qoşurdu. Bu ildən nazirliyin mərkəzləşmiş təcrübə proqramı tətbiq olunacaq. Bu proqram vasitəsilə nəinki tələbələri təcrübə prosesinə cəlb edəcəyik, eləcə də  ölkədə elmin, təhsilin inkişafına töhfə vermək istəyən, bu sahədə motivasiyası yüksək olan şəxsləri təcrübə müddətində inkişaf etdirməyə çalışacağıq. Həmin şəxslər hesabına kadr ehtiyatı zənginləşəcək. Hesab edirəm ki, bu sahədə nə qədər bacarıqlı, təhsilli, yüksək motivasiyalı şəxslər işləyərsə, bu, təhsilin inkişafına səbəb olacaq”.

 

S.Rzayev proqramın tədricən genişlənəcəyini deyib: “Ümumtəhsil, məktəbəqədər təhsil müəssisələrində, eləcə də nazirliyin tabeliyində  fəaliyyət göstərən elmi institutlarda belə tələbələrə davamlı təcrübə imkanları yaradacağıq”.

 

Layihə üçün tələb olunan maliyyənin müəyyən qismini öz üzərinə götürən Təhsilin İnkişafı Fondunda da təqaüd proqramına böyük maraq var. Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılovanın fikrincə, “Maarifçi” önəmli layihədir və getdikcə genişlənərək uğurlu nəticələr verəcək.

 

“Elm və Təhsil Nazirliyinin regionlarda da tabe qurumlarının olması bölgələrdə gənclərin bu təcrübə proqramından yararlanmasına imkan yaradacaq”, - deyən ETN-də sektor müdiri Şəhriyar Laçınov proqramın regionlarda yaradacağı əks-sədaya diqqət çəkib: “Regiondan çıxan gənc olaraq bunun nə qədər önəmli olduğunu bilirəm”.

 

Ruhiyyə DAŞSALAHLI