Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

Səfiri qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov ölkələrimiz arasındakı dostluq əlaqələrinə diqqət çəkərək Meksika universitetləri ilə potensial əməkdaşlıq əlaqələri haqqında danışıb.  Bildirib ki, sənayenin demək olar, bütün sahələri üzrə kadr hazırlığının həyata keçirildiyi AzTU Meksikanın texniki yönümlü ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır. Ölkələrimiz arasındakı hərtərəfli əlaqələrin təhsil sahəsində də inkişaf etdirilməsinin önəminə toxunan rektor əvəzi bu işdə səfirliyin əvəzsiz xidmət göstərəcəyinə əminliyini ifadə edib.

 

Səfir Rodriqo Labardini qeyd edib ki, AzTU ilə Meksikanın bir neçə universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri qurula bilər. Universitetlər arasında qarşılıqlı əlaqələri özündə əks etdirən saziş planının hazırlandığını vurğulayan səfir artıq Meksikanın bir neçə universitetinə təklif göndərildiyini və müsbət cavab alındığını deyib.

 

Görüşdə, həmçinin iki ölkənin mədəniyyətindən, adət-ənənələrindən, Azərbaycan və Meksika xalqlarının oxşar xüsusiyyətlərindən də bəhs edilib.