TÜRKSOY-un Baş Katibi Sultan Rayev və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub.

 

Qonaqlarla görüşən ADMİU-nun rektoru professor Ceyran Mahmudova  universitetin fəaliyyəti, tədris proqramı və beynəlxalq əlaqələri barədə məlumat verib. Görüş çərçivəsində ADMİU-nun 100, TÜRKSOY-un 30 illiyi münasibəti ilə universitetdə TÜRKSOY kafedrasının açılış mərasimi keçirilib və iki qurum arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.


Tədbirdə çıxış edən rektor C.Mahmudova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin 100, Azərbaycanın peşəkar teatrının 150 illik yubileyləri ilə əlamətdar olan 2023-cü ilə Mədəniyyət və İncəsənət Universitetinin 100, nüfuzlu beynəlxalq təşkilat olan TÜRKSOY-un 30 illik yubileylərinin də təsadüf etməsi çox qürurverici hadisədir. TÜRKSOY-un Türk dünyasının nüfuzlu mədəniyyət təşkilatı kimi keçirdiyi önəmli tədbirlərdən, layihələrdən bəhs edən professor bu tədbirlərdə ADMİU-nun və onun əməkdaşlarının da iştirakından böyük məmnunluq duyduqlarını vurğulayıb.


TÜRKSOY-un Baş Katibi Sultan Rayev 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”nın Şuşa şəhərinin seçilməsinin, eləcə də TÜRKSOY-un 40-cı konfransının məhz burada keçirilməsinin təsadüf olmadığını bildirib:”Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir”.
Tədbirdə çıxış edən Xalq artisti, professor Vaqif Mustafayev ADMİU-nun 100, TÜRKSOY-un 30 illik yubileyləri çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib.

 

Sonda hər iki tərəf arasında xatirə hədiyyələri təqdim olunub.