“Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı-2023”şəhid qəhrəmanların ailə üzvlərinin təhsilinə dəstək verir


“Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” ilə bu il daha 54 qıza təqaüd təqdim edildi. Aralarında şəhid qəhrəmanların ailə üzvləri də var. Onlar 4 nəfərdir: şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli (Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi), şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva  (Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı, Riyaziyyat müəllimliyi), şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli (Bursa Uludağ Universiteti, Diş həkimliyi) və şəhid əsgər Elçin Süleymanovun həyat yoldaşı Aminə Ələkbərova (Bakı Dövlət Universiteti, menecment).

 

Atasının rəssam qızı

 

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2023” təqaüdçüləri olan şəhid qızlarından biri Aysun Həsənlidir. O, Xəzər Universitetində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alır.

 

Şəhid mayor Elşad Həsənovun qızı bu ixtisası həm də atasının arzusunu reallaşdırmaq üçün seçib: “Məni rəssam kimi görmək atamın ən böyük arzusu idi. Babamın, atamın da rəssamlıq qabiliyyətləri olub. Atam özü də rəssam olmağı arzulayıb, amma hərbiçi olmağa qərar verib. Bu seçimi vətənpərvər olduğu üçün edib. Vətən sevgisi rəssamlıq arzusunu üstələyib. Amma rəsm çəkməyi yadırğamayıb. Boş vaxtlarında mənimlə rəsm çəkirdi. Bu, bizim bərabər etdiyimiz sevdiyimiz məşğuliyyətlərdən biri idi. Atamla bərabər rəsmlər çəkmək təsviri incəsənət dərslərimin öhdəsindən layiqincə gəlməyimdə çox faydalı olurdu”.

 

Aysunun sözlərinə görə, təqaüd proqramına qəbul olunması ilə əlaqədar anasına məlumat verilib: “Mənə anam dedi bu barədə. Eşidəndə çox sevindim. Mən təhsilə böyük maraq olan bir ailədə böyümüşəm. Xüsusilə qızların təhsilinə önəm verirəm. Düşünürəm ki, təhsil qızların öz ayaqları üstündə dura bilmələri üçün çox vacibdir. Gələcəyimi təhsillə bağlayacağıma inanıram. Əvvəlcə magistratura, sonra doktorantura səviyyəsində təhsilimi davam etdirmək niyyətindəyəm. Magistratura təhsilimi interyer-dizayner üzrə xaricdə almağı düşünürəm. Bu sahəyə çox böyük marağım var”.

 

“Təqaüdə ehtiyacım vardı”

 

Tavat Fətəliyeva şəhid çavuş Rahib Fətəliyevin qızıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialının I kurs tələbəsidir. Burada “Riyaziyyat müəllimliyi” ixtisasına yiyələnir. Onun da atası ilə bağlı xatirələri çoxdur. Ən çox da bərabər yaşadıqları və xatirələrində tutub saxladığı anları unutmur: “Əl qabiliyyətim yaxşı olduğu üçün maraqlı rəsmlər çəkirdim. Atamın çox xoşuna gəlirdi mənim rəsmlərim, xüsusən də, karikaturalarım. Əksər hallarda atamla bir yerdə rəsmlər çəkirdik və bu zaman çox əylənirdik. Ümumiyyətlə, dərslərimdə mənə kömək edirdi, anlamadıqlarımı başa salırdı. Axırıncı dəfə atamın ad günü üçün birgə tort bişirdik. Gilənar yığmışdı tortun üstünə qoymaq üçün...”

 

Ailədə 3 nəfərdirlər: “Anam mən və qardaşım. Bu təqaüd mənim üçün çox böyük anlam daşıyır, çünki mənim bu təqaüdə bir tələbə olaraq ehtiyacim vardı, ailəmə yük olmamaq üçün. Təqaüdə düşməyim məni çox sevindirdi”.

 

Gənc Tavatın fikrincə, təqaüd qızlar üçün faydalı olacaq: “Ümumiyyətlə, təhsildə gənclərimiz bu cür imkanlardan məmnuniyyətlə faydalanırlar. Mənə və bütün gənclərə dəstək olmaq məqsədilə əlindən gələnləri etməyə çalışanlara təşəkkür edirəm. Əsas odur ki, yüksək akademik göstəricisi olanları fərqləndirirlər. Buna görə təşkilatçılara, öz köməyini əsirgəməyən bütün qurumlara  minnətdaram.

 

Qazandığı təqaüdü təhsili üçün xərcləyəcək

 

Aysu Əsgərli Gəncə şəhərində doğulub, orda məktəbə gedib. Atasının oxuduğu 4 nömrəli tam orta məktəbdə oxuyublar qardaşı ilə birlikdə. Çalışqanlığı ilə seçilən Aysu Türkiyəyə gedənə qədər Gəncə məktəbinin sevimli şagirdi olub: “Atamın işi ilə bağlı yaşayış yerimizi dəyişdirdik. Türkiyədə yaşadığım vaxt rəsmə başladım. Rəssamlıq qabiliyyətim sayəsində bir sıra müsabiqələrdə qalib oldum”.

 

Uğurla təhsilini tamamlayan Aysu ali təhsil müəssisələrinə qəbul imtahanlarını verib və Bursa Uludağ Universitetinin “Diş həkimliyi” ixtisasına təqaüd qazanıb.

 

Şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu atasının sevimli balası olub: “Atam üçün dünya bir yana, mən bir yana idim. Bərabər kitab oxuyur, bərabər kinoya gedir, gəzməyə çıxırdıq. Kitab oxumaq vərdişini mənə atam aşılayıb. Daim onu kitab oxuyarkən görmüşəm”.

 

Təqaüdünə də kitab alacaq Aysu: “Qazandığım təqaüdlə kitablarımı alacağam. Sonrakı mərhələdə özümü inkişaf etdirmək üçün bəzi kurslardan keçmək istəyirəm. Düşünürəm ki, təqaüd bu istiqamətdə də çox gərəkli olacaq”.

 

Oxumaq arzusu

 

Şəhid Elçin Süleymanovun həyat yoldaşı Aminə Ələkbərova bu təqaüdün 6 yaşlı qızı ilə həyatına dəstək olacağını deyir: “Çox ağrılı-acılı günlər yaşadıq. Amma qızım üçün ayaqda durmalıydım”.

 

1999-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan tələbə uşaqlıqdan bəri oxumağa olan böyük həvəsindən danışıb: “Məktəbi bitirəndə ailəm icazə vermədi oxumağıma. 2017-ci ildə 18 yaşımda olarkən ailə qurdum. Elçin də bilirdi oxumağı çox sevdiyimi. Amma ailə qurduqdan sonra bu barədə heç danışmamışdıq. Oxumağı çox arzulamışdım. Təbii ki, bu arzum başqa şəraitdə reallaşsa, Elçin yanımda olsaydı, daha çox ürəyimcə olardı, amma olmadı. Ağır günlərdən azca başım açılan kimi, oxumaqdan başqa yolum olmadığını, bu xəyalımı gerçəkləşdirməyin vaxtı çatdığını anladım. Şəhid ailəsinin üzvü kimi iş təklif olunurdu, amma mən oxumaq xəyalımı gerçəkləşdirməyə qərar verdim. 2 il balaca qızımla hazırlaşdım. Çox çətin idi, qızım oxumağa qoymurdu. Çətinliyə baxmayaraq, 267 balla BDU-nun menecment fakültəsinə qəbul olundum. Universiteti bitirib işləmək və 6 yaşlı qızımla gözəl günlər yaşamaq diləyi ilə ağır illərimizi geridə qoymağa tələsirəm”.

 

Təhsil aldığı ixtisas üzrə yaxşı mütəxəssis, işinin peşəkarı olmaq istəyir Aminə xanım: “Özüm də bilmədim bu təqaüdə necə düşdüm. Gecə zəng edib universitetə neçə balla qəbul olunduğumu soruşdular. Sonra dedilər ki, məni də bu təqaüdə salacaqlar. Yalnız onda bildim ki, belə bir təqaüd var və mən də bu təqaüdü alacağam”.

 

Ruhiyyə DAŞSALAHLI