25 oktyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində forum keçiriləcək.
Forum “Koreya məsləhətləşmələrinin nəticəsi və Azərbaycanda tətbiqi” və “Texnologiyaların transferi və kommersiyalaşdırılması platforması vasitəsilə Azərbaycanda innovasiya ekosisteminin təşviqi” sessiyalarından ibarət olacaq.
Sessiyalar çərçivəsində yerli və xarici ekspertlər tərəfindən “Texnologiyanın kommersiyalaşdırılması ekosistemi və dövlət qurumlarının rolları”, “Azərbaycanda texnologiyanın kommersiyalaşdırılması ekosistemi və siyasəti”, “Koreyanın I-Corp proqramının Azərbaycanda tətbiqi və istifadəsi”, “Yaradıcı İqtisadiyyat və İnnovasiya Mərkəzinin (CCEI) texnologiyaların kommersiyalaşdırılmasına dəstək proqramı”, “Texnologiyaların transferi və kommersiyalaşdırılması platformasının yenilənməsi” və digər mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, forum Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı üzrə icra olunan, YTP və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində baş tutacaq.
Layihə STEPI ilə YTP-nin əməkdaşlığı çərçivəsində texnoparklar üçün xarakterik olan əsas istiqamətlər – texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini nəzərdə tutur.