Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları üçün seminarlara start verilib.

 

Seminarların ilk sessiyası Səbail, Yasamal, Qaradağ, Xətai, Suraxanı və Nizami rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

 

Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Seminarların keçirilməsinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarətdir.

 

Mehriban Vəliyeva məktəb rəhbərlərini salamlayıb və Müzəffər Ali Baş Komandanın bir neçə gün öncə müqəddəs bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda ucaltmaqla xalqımıza növbəti qələbənin sevincini yaşatdığını xatırladıb.

 

Ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən söz açan M.Vəliyeva nəticələrin təhlilinə diqqətin artırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib. Həmçinin şagird nailiyyətlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin və şagirdlərin psixoloji dayanıqlılığının artırılması, məktəbdaxili intizam qaydalarına nəzarətin gücləndirilməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri nəzərə çatdırıb. 

 

M.Vəliyeva məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.

 

Ümumi təhsil müəssisələrində 45 dəqiqə ərzində öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin zəruriliyini qeyd edən M.Vəliyeva müvafiq məsələlər barədə tapşırıq və tövsiyələrini verib, seminarların əhəmiyyəti haqqında fikirlərini bildirib.

 

Seminarlarda keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, tədris planlarının təhlili, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar,  təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili, maliyyə tənzimlənməsi, layihələr, olimpiadalar, müsabiqələr və digər müvafiq mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Qeyd edək ki, seminarlar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.