Çinin Cənub-Qərb Neft-Qaz Universitetinin nümayəndə heyəti və Neft-Qaz İnstitutunun rəhbəri Bakı Ali Neft Məktəbində (BANM) olub.
Ali Məktəbin kampusunu gəzən nümayəndə heyəti buradakı tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub.
Nümayəndə heyəti ilə keçirilən görüşdə BANM-ın tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, qəbul prosesi, tələbə və məzunların uğurları, mübadilə proqramları barədə məlumat verərək əməkdaşlıq imkanlarından bəhs edib.
BANM-ın Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova Bakı Ali Neft Məktəbinin Çin ali təhsil müəssisələri ilə əlaqələrinə, burada bir neçə çinli tələbənin təhsil aldığına toxunaraq Cənub-Qərb Neft-Qaz Universiteti ilə də birgə əməkdaşlığın, müəllim və tələbə mübadiləsinin qarşılıqlı faydalı olacağına əminliyini bildirib.
Çin universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Dai Lei Çinin ikinci ən böyük neft universiteti ilə Bakı Ali Neft Məktəbi arasında bir çox istiqamətlərdə əməkdaşlıq yaradıla biləcəyini, əməkdaşlıq istiqamətlərini əks etdirən Anlaşma memorandumunun hazırlanmasının vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə fikir mübadiləsi aparılıb.