Oktyabrın 17-də Bakı Slavyan Universitetində “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi. Metodiki tövsiyələr” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
Tədbir iştirakçılarını salamlayan BSU-nun rektoru Anar Nağıyev “Böyük Qayıdış”ın fonunda hər kəsin, xüsusilə də ali təhsil müəssisələrinin mina ilə bağlı təhlükəsizlik qaydalarının öyrənilməsi məqsədilə mütəmadi işlər görməli olduqlarını diqqətə çatdırıb. Rektor təqdim edilən metodik tövsiyənin ingilis dilində olmasının reallıqların geniş şəkildə dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olacağını vurğulayıb, gələcəkdə bu sahədə rəqəmsal öyrənmə aplikasiyalarının yaradılmasının vacibliyinə toxunub.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və idarəçiliyi sayəsində ölkənin iqtisadi bünövrəsinin formalaşdığını bildirib. Nazir müavini bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı qələbənin təmin edildiyini deyib.
Minatəmizləmə işlərinin əhəmiyyətindən söz açan nazir müavini mina və partlayıcı hərbi sursatların təhlükəsi ilə bağlı maarifləndirmə işinin təşkilinə dair Elm və Təhsil Nazirliyi tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Firudin Qurbanov metodiki vəsaitin ingilis dilində nəşrinin əhəmiyyətindən bəhs edib, vəsaitin ərsəyə gəlməsinə görə BSU rəhbərliyi və professor-müəllim heyətinə təşəkkürünü bildirib.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov böyük qələbədən sonra ölkəmizin mina problemi ilə üzləşdiyini bildirib. Vüqar Süleymanov həmçinin ANAMA-nın tarixinə qısa nəzər salaraq qarşıya qoyulan məqsədlərdən söz açıb.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ADPU-nun rektoru Cəfər Cəfərov, SDU-nun rektoru Rüfət Əzizov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Fuad Bədəlov sözügedən metodik tövsiyənin bu sahə üzrə möhkəm baza rolunu oynayacağını bildirib, minatəmizləmə ilə bağlı müvafiq startaplar, innovativ layihələrin hazırlanmasının vacibliyindən söz açıblar.
Qeyd edək ki, BSU-nun ingilis dili üzrə mütəxəssis və müəllim heyətinin tərcüməsi ilə təqdim olunan metodiki tövsiyələrin hazırlanmasında məqsəd təhsilalanları mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdar etmək, riskli ərazilərdə davranış qaydalarını aşılamaq, onları cəmiyyətin məsuliyyətli üzvü olmağa həvəsləndirmək, partlayıcı sursatların təhlükəsinə dair bilik və bacarıqlarını başqaları ilə paylaşmağa təşviq etməkdir.