Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov təhsil sahəsində səmərəli fəaliyyətinə görə və anadan olmasının 65 illiyi münasibətilə təltif olunub.

 

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Mehriban Vəliyeva səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edib, ona möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıb.

 

H.Əsgərov diqqətə görə təşəkkürünü bildirib və bundan sonra da üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəyini söyləyib.

 

BŞTİ-nin müdir müavini H.Əsgərov Təşəkkürnamə ilə təltif edilib və xatirə hədiyyəsi təqdim olunub.

 


 

HÜSEYN ƏSGƏROV - 65

 

Oktyabrın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Əməkdar müəllim, filologiya  elmləri  doktoru, professor Hüseyn Abbas oğlu Əsgərovun 65 yaşı tamam olur.

 

Elmi-pedaqoji fəaliyyətinin 42-ci, dövlət qulluğunda olmasının 20-ci ili tamamlanan  Hüseyn Əsgərov 1981-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə bitirərək,  “Filoloq. Azərbaycan və türk dilləri və ədəbiyyatı müəllimi” ixtisası almış, 1981-1984-cü illərdə təyinatla Sabirabad rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1984-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1987-ci ildə  “Türk dilləri”  ixtisası üzrə aspiranturaya daxil olmuş, 1994-cü ildə namizədlik dissertasiyası müdafiə edərək,  filologiya elmləri namizədi (filologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.

 

H.Əsgərov 1997-ci ildən 2003-cü ilə kimi Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 2003-cü ildə Bakı şəhəri Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, eyni zamanda Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2008-ci ildə 1997-ci ildən üzərində çalışdığı “Azərbaycan dilində maddi mədəniyyət leksikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 2014-2022-ci illərdə isə çalışdığı kafedraya rəhbərlik etmişdir. Bu günə kimi 4 monoqrafiya, 80-dən çox elmi məqalə, ali məktəblərin filologiya fakültələri, o sıradan ümumtəhsil məktəbləri üçün bir sıra dərslik və tədris proqramlarının müəllifidir. Onun elmi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Polşa və digər ölkələrdə çap olunmuşdur.

 

H.Əsgərov 2005-ci ildə dosent, 2011-ci ildə isə professor elmi adı almışdır. Həmçinin Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının, “Terminologiya məsələləri” və “Mahmud Kaşğarlı” jurnallarının redaksiya heyətinin üzvüdür.

 

H.Əsgərov 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyir. Yaradıcılıq əzmi və təşəbbüskarlığı, iş təcrübəsi,  insanlarla səmimi ünsiyyəti, yüksək intellektual səviyyəsi, problemi həll etmək və qərar vermək bacarığı onu səciyyələndirən əsas keyfiyyətlərdəndir.

 

H.Əsgərovun mühüm fəaliyyət istiqamətlərindən biri də elmi-pedaqoji kadr hazırlığındakı xidmətləridir. Onun rəhbərliyi ilə 5 nəfər filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır, hazırda 4 doktorant və dissertanta elmi rəhbərlik edir.

 

H.Əsgərov ölkənin ictimai həyatında da fəal iştirak edir.  O, 2014-cü ildən Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Bakı şəhərinin ümumtəhsil məktəblərində keçirilən “Heydər Əliyev dərsləri”nin təşkili və keçirilməsinə həm rəhbərlik edir, həm də mühazirələr oxuyur. 2017-2021-ci illərdə YAP Binəqədi Rayon Təşkilatının sədr müavini olmuşdur, hazırda Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədr müavinidir. 

 

H.Əsgərovun elm və təhsil sahəsindəki fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli Sərəncamı ilə  “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası təhsil nazirinin 25 noyabr 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 01 mart 2021-ci il tarixli qərarı ilə yubiley döş nişanı, çoxsaylı müxtəlif diplom və fəxri fərmanlar ilə təltif edilmişdir.

 

Səmərəli fəaliyyəti və zəngin həyat yolu ilə fərqlənən Hüseyn Əsgərovu təbrik edir, möhkəm cansağlığı və daha böyük uğurlar arzulayırıq.