Azərbaycanda səfərdə olan Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Orinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara təhsil ocağının modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Bu görüşün baş tutmasına görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə xüsusi təşəkkürünü bildirib.
Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Surinamdakı Anton de Kom Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. E.Qasımov bildirib ki, tam ingilisdilli ali təhsil müəssisəsi - Bakı Ali Neft Məktəbində tədris istehsalatla inteqrasiya şəklində həyata keçirilir. Ölkədə ən yüksək keçid balı qeydə alınan ilk 5 ixtisasın 4-ü BANM-in ixtisasıdır.
Sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə E. Qasımov Bakı Ali Neft Məktəbində surinamlı tələbələrin təhsil almasını təklif edib.
Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori burada yaradılan şəraiti və tədris mühitini yüksək qiymətləndirib. Surinamlı nazir bir neçə istiqamətdə BANM ilə əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb. Nazir qeyd edib ki, ölkəsində hələ yeni olan neft-qaz sənayesinin inkişafında BANM önəmli rol oynaya bilər. Görüşdə Surinamdakı Anton de Kom Universitetində “Neft-qaz mühəndisliyi” ixtisasının yaradılmasına Bakı Ali Neft Məktəbinin dəstək verəcəyi vurğulayıb.
Sonda rektor E.Qasımov nazir Henri Oriyə “Fəxri qonaq“ plaketini təqdim edib.