“Heydər Əliyev adına təqaüd”ün təsis olunmasını yüksək qiymətləndirirlər


Azərbaycanda təhsil, gənc nəslə diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmizdə hərtərəfli inkişaf etmiş, yüksəkixtisaslı insan kapitalının yetişdirilməsi dövlətimizin gənclər siyasətində mühüm vəzifələrdən biridir. Gənclərin hərtərəfli inkişafına yönəlik proqramlar, onlara diqqət və qayğının daha da artırılması məqsədilə ölkə başçısı tərəfindən imzalanmış mühüm dövlət proqramlarının icrası bunu sübut edir. Prezident İlham Əliyev tərəfindən 24 iyun 2023-cü il tarixində “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Sərəncamın imzalanması bir daha gəncliyə dövlət qayğısının bariz nümunəsidir.

 

“Heydər Əliyev adına təqaüd” ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün nəzərdə tutulub. Təqaüd yüksək kriteriyalara cavab verən tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödəniləcək. ““Heydər Əliyev adına təqaüd” 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar təsis edilib ki, bu da əlamətdar hadisədir.  Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyev tərəfindən gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması sahəsində əməli addımlar atılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Universitetlərimizdə təhsil alan  Prezident təqaüdçüsü dövlət başçısı tərəfindən “Heydər Əliyev adına təqaüd”ün təsis olunmasını yüksək qiymətləndirirlər.

 

“Heydər Əliyev adına təqaüd” tələbələr qarşısında yeni imkanlar açacaq

 

Turanə İbrahimova, BDU-nun hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü: - Ölkə Prezidentinin müvafiq sərəncamı əsasında təsis edilən “Heydər Əliyev təqaüdü” Ümummilli Liderin azərbaycanlı tələbə və gənclərlə bağlı həyata keçirdiyi çoxsaylı layihə və tədbirlərin davamı kimi qiymətləndirilməlidir. Heydər Əliyev hər zaman gənclərə, xüsusən də tələbələrə xüsusi həssaslıqla yanaşıb. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə yüzlərlə azərbaycanlı SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində bütün xərclər qarşılanmaq şərtilə təhsil alıb və nəticədə müvafiq sahələrdə ən aktual və dərin elmi-nəzəri bilikləri toplamağı bacarıblar. Tələbələr üçün yaradılan bu və digər imkan və fürsətlər nəinki onların şəxsiyyət kimi formalaşmasında, hətta milli təəssübkeşlik duyğusu ilə alışıb yanan layiqli vətəndaşlara çevrilməsində əvəzsiz rol oynayıb.  Odur ki, “Heydər Əliyev adına təqaüd” məhz bu irsin, yəni tələbələrə müəyyən ixtisas biliklərinə yiyələnən sadə vətəndaşlar kimi deyil, ölkənin və millətin işıqlı gələcəyi kimi yanaşmağın məhsuludur desək, heç bir mübaliğəyə yol vermərik.

 

XXI əsrdə yalnız ixtisas biliklərinə sahib olmaq fərdlərin uğurlu karyera  quracağına, öz potensialını tam şəkildə reallaşdıracağına və cəmiyyətə töhfə verə biləcəyinə tam zəmanət vermir. Dünya İqtisadi Forumu 2016-cı ildə tələbələrin mənimsəməli olduğu 15 əsas bacarıq müəyyənləşdirib ki, onların içərisində informasiya-kommunikasiya texnologiyaları və maliyyə savadlılığı, kreativlik və kommunikasiya kompetensiyaları, həmçinin təşəbbüskarlıq, inadkarlıq və liderlik kimi keyfiyyətlər öz əksini tapıb.  Hesab edirəm ki, “Heydər Əliyev adına təqaüd” məhz bu və digər fundamental bacarıqlara yiyələnmək üçün tələbələrin qarşısında yeni imkanlar açacaq və millətimizin rifahına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

 

“Təqaüd motivasiyamızın artması baxımından önəm daşıyır”

 

Günay Şamilzadə, UNEC-in tələbəsi, Prezident təqaüdçüsü: -İlk növbədə qeyd edim ki, tələbələrimiz üçün bu cür həvəsləndirici və fərdi inkişafa təkan verən təqaüdlərin təsis edilməsini yüksək qiymətləndirirəm. Təqaüdlərin təsis edilməsində əsas məqsəd olan stimulun yaradılması kontekstində  “Heydər Əliyev adına təqaüd” motivasiyamızın artması baxımından önəm daşıyır. Həmçinin bu təqaüdün təsis olunması, fikrimcə, hazırda təqaüd alan və təqaüdə layiq görülən tələbələrin gələcək karyeraları baxımından da mühüm rol oynayır.

 

“Heydər Əliyev İli” çərçivəsində təsis edilən “Heydər Əliyev adına təqaüd”ün də Prezident təqaüdü qədər layiq görüləcək şəxslərin akademik və professional karyera yollarında mühüm əhəmiyyət kəsb edəcəyinə və stimullaşdırıcı təsir daşıyacağına şübhəm yoxdur.

 

İndidən “Heydər Əliyev adına təqaüd”ə layiq görüləcək tələbələri təbrik edir, bütün tələbələrə uğurlar arzu edirəm!

 

“Tələbələr və ölkənin gələcəyi üçün çox əhəmiyyətli bir addım”

 

Leyla Məmmədli, Bakı Mühəndislik Universitetinin “Kompüter elmləri” ixtisası (tədris ingilis dilində) II kurs tələbəsi, Prezident təqaüdçüsü: - “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi ilə bağlı xoş təəssüratlarını paylaşan Leyla Məmmədli müvafiq sərəncamın tələbələrin həyatında xüsusi rolu olacağını vurğulayıb:

 

- Prezident İlham Əliyev tərəfindən ali təhsil müəssisələrində bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı sərəncamın imzalanması tələbələr və ölkənin gələcəyi üçün çox əhəmiyyətli bir addımdır. Sözügedən təqaüdün təsis olunması tələbələrin bakalavr təhsilindən sonrakı həyatlarında özlərini inkişaf etdirə bilmək üçün əlverişli şəraitin yaranması, həmçinin onlar arasında təhsilə qarşı daha çox maraq və diqqətin artmasına gətirib çıxarır. Təhsilə böyük qayğı göstərən Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımı bildirir və bu təqaüdə layiq olacaq tələbələri ürəkdən alqışlayıram”.

 

“Cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”

 

Aytac Həsənova, BDU-nun hüquq fakültəsinin II kurs tələbəsi (tədris ingilis dilində), Prezident təqaüdçüsü: - Prezident İlham Əliyevin 24 iyun 2023-cü il tarixli “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında Sərəncamı ölkə gənclərinə verdiyi böyük diqqət və qayğının göstəricisidir. Prezident təqaüdçüsü olaraq deməliyəm ki, ölkə başçımızın bu təşəbbüsü biz tələbələri ruhlandırır, tələbələr arasında rəqabəti və eləcə də təhsilə olan marağı artırır. Düşünürəm ki, ölkədə təqaüd imkanlarının artırılması dövlətin təhsilə etdiyi böyük yatırımdır. Gənclər dövlətin yaratdığı bu cür imkanları daim yüksək qiymətləndirir və bu təqaüdləri əldə etmək üçün səylə çalışırlar.  Möhtərəm Prezidentin tələbələrə bu cür dəstək olması bizi sevindirir.

 

Əminəm ki, bu təşəbbüs gənclərin parlaq gələcəyi üçün atılan mühüm bir addımdır. Bu günə qədər olduğu kimi, bundan sonra da təhsilin inkişafı üçün böyük işlər görüləcək. Bütün bunlar Azərbaycan gəncliyinin gələcəyinə olan inamı daha da artırır. Ümid edirəm ki, həqiqətən də layiq olan tələbələr bu təqaüdün qalibi olacaq. Tələbələr üçün belə bir imkan yaratdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.

 

“Heydər Əliyev adına təqaüd” tələbələrə çox böyük maddi dəstək olacaq”

 

Hakim Musazadə, Bakı Mühəndislik Universitetinin “Elektronika mühəndisliyi” ixtisasının I kurs tələbəsi: - “Düşünürəm ki, “Heydər Əliyev adına təqaüd” tələbələrə çox böyük maddi dəstək olacaq.

 

Bu təqaüd mühəndislik fakültələrinin tələbələri üçün əvəzolunmaz bir fürsətdir. Çünki mühəndis həm nəzəri, həm də praktiki cəhətdən yetişir. “Heydər Əliyev adına təqaüd” praktiki cəhətdən inkişaf etmək istəyən gələcəyin mühəndislərinə onlara lazım olan və ya maraq duyduqları sahələrdə istifadə olunan təchizatları əldə etmək üçün çox böyük dəstək verir”.

 

Oruc MUSTAFAYEV