AMEA-nın və İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın və İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Akademiya tərəfdən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, elektron xidmətlər sahəsinə məsul şəxsləri, İqtisadiyyat Nazirliyindən isə nazirin müşaviri Rauf Nəcəfli, nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, mərkəzin əməkdaşları, həmçinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova və institutun əməkdaşları iştirak ediblər.
Görüşdə çıxış edən akademik İ.Həbibbəyli ötən bir il ərzində ölkə başçısının çağırışlarını və müasir dünya elmində gedən tendensiyaları rəhbər tutaraq AMEA-da bütün sahələrdə yeniləşmə prosesinə başlanıldığını, bunlar içərisində xüsusilə elektron xidmətlər şəbəkəsinin qurulması və genişləndirilməsinin, müasir informasiya texnologiyalarının, süni intellektin elmi tədqiqatlarda tətbiqinin öndə dayandığını söyləyib. Bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə cari ilin yanvar ayında Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin, həmçinin elmi müəssisə və təşkilatlarda “Elektron xidmətlər” şöbəsinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, sözügedən şöbənin fəaliyyət istiqamətinə elektron sənəd dövriyyəsi, Akademiyanın elmmetrik bazalarda təmsil olunması, jurnalların elmi bazalara yerləşdirilməsi, məqalələrə DOİ identifikatorunun verilməsi, “Google scholar” və digər akademik şəbəkələrdə alimlərin profillərinin yaradılması, “Vikipediya” elektron ensiklopediyasında yeni məqalələrlə ölkəmizin dünyada təbliği kimi vacib məsələlər daxildir.
Qısa müddət ərzində yeniləşən Akademiyada elektron xidmətlərin genişlənməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdıran AMEA prezidenti mövcud texniki infrastrukturun nəzərdən keçirildiyini və müasir tələblərə cavab verəcək şəkildə yenilənməyə başlandığını deyib. Eyni zamanda Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə bu sahədə geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu, AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili kimi məsələlərin gündəmdə olduğunu vurğulayıb. Həmçinin elektron arxeologiyanın yaradılması, kompüter dilçiliyi sahəsində fəaliyyətin genişləndirilməsinin də qarşıdakı hədəflərdən olduğunu bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Dördüncü Sənaye İnqilabının çağırışlarından irəli gələrək mühüm addımların atıldığını, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradıldığını bildirən akademik İ.Həbibbəyli AMEA-nın da bu prosesə dəstək verməkdə maraqlı olduğunu bildirib. Vurğulayıb ki, keçirilən görüş, aparılan müzakirələr bu sahədə ümumi potensialın qiymətləndirilməsinə kömək etməklə gələcəkdə birgə layihələrin icrasında mühüm rol oynayacaq.
Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış” mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, AMEA Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına Elmlər Akademiyaları sistemində ilk dəfə olaraq yaradılan “Elektron Akademiya” şöbəsi “Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin səmərəliliyinin artırılması, institutların, elmi jurnalların saytlarının fəaliyyətinin monitorinqi və təkmilləşdirilməsi, rəqəmsal elmi informasiya resurslarının işlənilməsinin dəstəklənməsi, nüfuzlu elmmetrik bazalarda təmsilçiliyin genişləndirilməsi, elmmetrik araşdırmalar, elektron sənəd dövriyyəsinin təşkili kimi prioritet istiqamətlərdə fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, hazırda AMEA-da “Vikipediya” qruplarının fəaliyyətinin canlandırılması, təlimlərin bərpası üçün zəruri tədbirlər icra olunur. Həmçinin AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində süni intellektdən istifadə etməklə tədqiqat işləri və layihələrin həyata keçirildiyi söylənilib, Azərbaycan dilinin müasir vəziyyətinə uyğun olaraq təxminən 100 milyon söz-formadan ibarət əsas korpusun yaradılmasına ehtiyac olduğu bildirilib.
Daha sonra iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli AMEA-nın elektron xidmətlər sahəsində fəaliyyəti ilə bağlı təkliflər verib.
Sonda bir sıra əməkdaşlıq imkanları müzakirə olunub.