Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” ictimai birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin tərəfdaşlığı ilə Bakı şəhərində yerləşən 61, 14 və 19 nömrəli tam orta məktəblərdə “Məktəblilər arasında istehlakçı hüquqları və qida təhlükəsizliyinin təbliğinə dair maarifləndirmə tədbirləri” adlı layihə çərçivəsində tədbirlər keçirilib.
Tədbirdə “İqtisadçı Tələbələrə Dəstək” ictimai birliyinin sədri Səməd Rzazadə layihə barədə geniş məlumat verib. “Qida Təhlükəsizliyi Hərəkatı”nın sədri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova sağlam və düzgün qidalanma, yuxu rejimi, fiziki aktivlik, mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı yeyinti məhsulları, qida qatqı maddələri barədə danışıb.
“Qida Təhlükəsizliyi Hərəkatı”nın həmtəsisçisi, sağlam qida təbliğatçısı Asim Vəliyev məktəblilərə qida zəncirinin mərhələləri, qida qaynaqlı xəstəliklər, qida seçərkən diqqət ediləcək məqamlar barədə məlumat verib.
Sonda məktəblilərə layihə çərçivəsində nəşr olunmuş “Sağlam həyat bələdçisi” adlı kitabçalar paylanılıb və iştirakçılara sertifikatlar təqdim olunub.