Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Rusiya Federasiyasının Don Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Don Dövlət Texniki Universitetinin rektoru professor Besarion Mesxi imzalayıblar.
İmzalama mərasimindən sonra professor G.Məmmədova qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Rektor AzMİU-nun elmi-texniki potensialı, müəllim-tələbə kontingenti, xarici əlaqələri, fakültə və ixtisasları haqqında danışıb.
Professor qeyd edib ki, 1975-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri ilə yaradılan AzMİU memarlıq və inşaat sahəsində ölkəmizin və regionun aparıcı ali təhsil müəssisəsinə çevrilib. AzMİU-nun hazırda on bir minə yaxın tələbəsinin, əlli mindən çox məzununun olduğunu deyən rektor vurğulayıb ki, ölkəmizdə aparılan sürətli və genişmiqyaslı tikinti-quruculuq işləri bu rəqəmin artacağından xəbər verir.
Son üç ildir, işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə diqqət çəkən G.Məmmədova bildirib ki, bu prosesdə çox sayda AzMİU məzunu da iştirak edir: “Təəssüflər olsun ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən o ərazilər yerlə-yeksan edilib. Bir vaxtlar gözəlliyi ilə hər kəsi cəlb edən şəhər və rayonlarımıza indi baxanda İkinci Dünya Müharibəsində dağıdılan Stalinqradın fotosu göz önündə canlanır. Həmin ərazilər tarixi torpaqlarımızdır və oranın dirçəldilməsi bizim üçün ən vacib məsələlərdəndir. Hazırda Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə azad olunan ərazilərimizin yenidən qurulması üçün hərtərəfli işlər həyata keçirilir. “Ağıllı Kənd” və “Ağıllı Şəhər” konsepsiyaları işlənib hazırlanıb və şəhərsalmada, inşaatda ən müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu prosesdə çox sayda məzunumuz çalışır və onların iştirakı universitet olaraq bizim üçün qürurvericidir”.
Professor Besarion Mesxi də çıxış edərək Don Dövlət Texniki Universiteti haqqında məlumat verib. O, rəhbərlik etdiyi ali məktəbdə tədris olunan ixtisaslar, ali məktəbin elmi-texniki potensialı və beynəlxalq əlaqələrindən danışıb. Rektor qeyd edib ki, Don Dövlət Texniki Universiteti beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır. Hazırda əllidən çox universitetlə fəal əməkdaşlıq etdiklərini deyən Besarion Mesxi bu istiqamətdə fəaliyyətlərini genişləndirəcəklərini bildirib.
Görüş zamanı birgə təhsil proqramlarının hazırlanması, elmi layihələr, ikili təhsil layihələri, həmçinin tələbə və müəllimlərin akademik mübadilə proqramının qurulması istiqamətində görüləcək işlər və qarşıda duran hədəflərlə bağlı nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb.