Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisi 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Mehriban Vəliyeva cəmiyyətin aparıcı qüvvəsi olan, təhsildə əsas sima, nüfuzlu şəxs sayılan müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Cəmiyyətin parlaq gələcəyinin məhz müəllimin əlində olduğunu vurğulayan M.Vəliyeva bildirib ki, xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə sahib, hərtərəfli inkişaf etmiş şəxsiyyət məktəbdə yetişir və onları yetişdirən müəllimdir. Bu ülvi peşənin sahiblərinə göstərilən dövlət qayğısından söz açan İdarə müdiri təhsilin dövlət siyasətinin əsas prioritetləri sırasına daxil edilməsini, Azərbaycan təhsil sisteminin ümumbəşəri dəyərlər, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılmasını məktəbə, müəllimə verilən ali dəyərin göstəricisi kimi səciyyələndirib.
Mərasimdə çıxış edən təhsil işçiləri üzərlərinə düşən vəzifənin məsuliyyətindən söz açıb, bütün dövrlərdə bu şərəfli peşənin daşıyıcılarına böyük hörmət və ehtiram göstərildiyini vurğulayıblar. Diqqət və qayğıya görə təşəkkürlərini bildirən təhsil işçiləri bundan sonra da Azərbaycanın gələcəyi üçün layiqli vətəndaşlar yetişdirmək yolunda əzmlə çalışacaqlarını ifadə ediblər.
Daha sonra uğurlarına və səmərəli fəaliyyətinə görə fərqlənən, 2023-cü ildə yubileyləri qeyd olunan təhsil işçilərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.