26-28 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron, Xızı rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

 

Layihənin həyata keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsidir.

 

Tədbirlərdə Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərinin rəsmi nümayəndələri, qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, digər qonaqlar iştirak ediblər.

 

Tədbirlərdə giriş sözü ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini bildirib. Nazir müşaviri qeyd edib ki, təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olması, lazımi davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibdir.

 

Ardınca Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub.

 

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

***

 

Salyan rayonu Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbinin akt zalında məktəb rəhbərliyinin və müəllimlərin, valideynlərin, o cümlədən Ermənistandan deportasiya olunaraq hazırda Arbatan kəndində kompakt yaşayan əhalinin nümayəndələrinin, Vətən müharibəsi iştirakçılarının qatıldığı tədbir keçirilib.

 

Tədbir Vətən torpaqlarının azad olunmasında canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Şirvan - Salyan Regional Təhsil İdarəsinin müdiri  Sənan Mənsimli çıxış edərək məktəbin uğurları və  Arabatan kənd sakinləri haqqında məlumat verib. Qeyd olunub ki, əhalinin iki min beş yüz nəfəri Qərbi Azərbaycandan 1948- 1953-cü illərdə köçürüləndir. Natiq  məktəbdə, eləcə də region üzrə bütün təhsilalanlar və təhsilverənlər, həmçinin valideynlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Əhməd Teyyubov bildirib ki, suda boğulmalar adətən insanların təhlükəli yerlərdə və ya küləkli hava şəraitində çimərliyə getdikləri üçün baş verir. Yay mövsümlərində insanlar təhlükəsizlik qaydalarına riayət etmədən su kanallarında çimirlər. Buda boğulmalara səbəb olur. Məsələ ilə bağlı  müvafiq tövsiyələr verilib.

 

Məktəbin hərbi rəhbəri Məhəmməd Vəliyevə minaların insan həyatına vurduğu fəsadlardan danışıb və minaların növləri haqqında məlumat verib. Mövzu ilə bağlı videoçarx nümayiş olunub.

 

Vətən müharibəsi iştirakçıları döyüş zamanı göstərdikləri qəhrəmanlıq salnamələri, rastlaşdıqları təhlükəli anlardan bəhs edərək, bu vəziyyətdən necə xilas olma təəssüratlarını tədbir iştirakçıları ilə  bölüşüblər.

 

Kənd sakini Rahilə Hüseynova çıxışında valideynlərinin Qərbi Azərbaycanın hansı vilayətində doğulub yaşamasından, Azərbaycana 1948-ci ildə köçürülməsindən və xatirələrindən bəhs edib.

 

Tədbirdə Qərbi Azərbaycan xronikası: “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan”  adlı videoçarx təqdim edilib. 

 

Görüşün sonunda Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev pedaqoji kollektivin üzvləri ilə müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıb.

 

***

Salyan rayonu Siyavuş Qurbanov adına Yeni Uluxanlı kənd tam orta məktəbində valideynlərlə - Ermənistanın Zəngibasar rayonundan (mərkəzi - Uluxanlı şəhəri olmuş) qaçqın düşmüş və hazırda bu kənddə məskunlaşmış azərbaycanlılarla görüş təşkil olunub. Tədbirdə məktəbin müəllimləri, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova və kənd sakinləri iştirak ediblər.

 

Tədbirdə bildirilib ki, məktəbin yerləşdiyi Yeni Uluxanlı kənd sakinlərinin 1190 nəfəri Qərbi Azərbaycandan gəlmiş şəxsdir. Rayonun ümumtəhsil məktəblərində daim maarifləndirmə tədbirləri aparılmaqla şagirdlərin və valideynlərin diqqətinə təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi çatdırılır.

 

Məktəbin hərbi rəhbəri Mustafa Rüstəmov elm və təhsil nazirinin müvafiq əmrinə əsasən mina təhlükəsi və partlamamış hərbi sursatlarla davranış qaydaları haqqında, məktəbin şagirdləri və valideynləri arasında maarifləndirici xarakterli təbliğat işlərinin davamlı təşkil edilməsi barədə məlumat verib.

 

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” elm və təhsil nazirinin 18.07.23-cü il tarixli əmrinin icrası ilə bağlı qarşıda duran vəzifələr diqqət mərkəzində olub.

 

Müzakirə edilən məsələlərlə bağlı məktəbə plakatlar, maarifləndirici  prospektlər təqdim olunub.

 

Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbin tarix müəllimi Elçin Sadıqov çıxış edərək bildirib ki, 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı ərazi iddiaları etmiş, soyqırımlar törətmişlər. Qərbi Azərbaycandan olan babasının Arpaçayı, Sarıgöl ətrafında olan hadisələri barəsində olan xatirələrindən bəhs edib.

 

Kənd sakini Cəvahir İsmayılova çıxışında qeyd edib ki, ailəsi əslən Qərbi Azərbaycandandır. Atası İrəvan şəhərində fəaliyyət göstərən gimnaziyada dərs deyib. Ermənilərin azərbaycanlıların başına açdığı müsibətlər barədə də ətraflı məlumat verərək C.İsmayılova bildirib ki, 1881-ci ildə İrəvan Gimnaziyası və İrəvan Müəllimlər Seminariyası ilə bərabər fəaliyyətə başlayan Uluxanlı məktəbi də ağır, çətin, şərəfli yol keçmiş və acınacaqlı tale ilə ömrünü başa vurub. 2006-cı il dekabr ayının 29-da Uluxanlı məktəbinin 125 illiyi münasibətilə Azərbaycan Respublikası  Prezidentinin  Sərəncamı oldu. Bu məktəbin məzunlarının sevinclərinin hədd-hüdudu yox idi. Daha sonra o vurğulamışdır ki, Qərbi Azərbaycanın Zəngibasar rayonunun torpağı Azərbaycan elminə görkəmli şəxslər - ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. Onların arasında  akademiklər Mustafa bəy Topçubaşov, Budaq Budaqov, Məmmədtağı Cəfərov, professorlar Teymur Əhmədov, Maqsud Qasımov və digərləri olub.

 

Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev  bildirib ki, 1987-1991-ci illərdə Ermənistan dövləti Qərbi Azərbaycandan - 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya edib, 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-ü bədən xəsarət alıb, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovulub. Onlara fərdi və ictimai təsərrüfatlar üzrə təxminən 20,0 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı erməni soyqırımına məruz qalıb.

 

Vurğulanıb ki, Qərbi Azərbaycan indiki Ermənistan ərazisinin son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və son qarışı qayıdana qədər mübarizə davam edəcək. Bu tarixi vəzifənin həyata keçirilməsində Ermənistandan deportasiya edilmiş hər bir soydaşımızın bilik və təcrübəsinə böyük ehtiyac var. Biz əminik ki, Qərbi Azərbaycana silah və tankla yox, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəmir iradəsi ilə sülh yolu ilə qayıdacağıq.

 

Bir daha diqqətə çatdırılıb ki, son 200 illik tarixdə ilk dəfə Azərbaycan torpaq itirmədi, əksinə, öz tarixi torpaqlarını geri qaytardı. Prezidentin rəhbərliyi ilə biz qələbəmizi təmin etdik, məğlub xalqdan qalib xalqa çevrildik.

 

Bu, tarixi zəfərdir, uğurdur. Buna nail olmaq üçün xalqımız böyük bir yol qət etdi. Xalqın birliyi, ölkə başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, eləcə də qəhrəman əsgərlərimizin rəşadəti böyük rol oynadı.

 

Biz tariximizin ən şərəfli, qürurlu, şanlı günlərini yaşayırıq. Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış, qondarma, separatçı qurum yoxdur. Torpaqlarımız düşmən tapdağından qurtulub. Suverenliyimizin təminatı, sərhədlərimizin toxunulmazlığı, ərazi bütövlüyümüz bərpa edilib. Azad edilmiş torpaqlarımızda quruculuq işləri aparılır və ərazilərimizin tam hakimi bizik. Bütün bunlar Prezident İlham Əliyevin tarixi zəfəri sayəsində reallaşdı. Azərbaycan 200 illik erməni layihəsini birdəfəlik tarixin tozlu səhifələrinə göndərə bildi”.