Şagirdlər dərslərdə həvəslə iştirak edirlər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlanıldı. 44 gün davam edən Vətən müharibəsi xalqımıza otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Şanlı Zəfər qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qalibiyyətimiz Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Bu parlaq qələbəni şagirdlərə ərtaflı çatdırmaq, münaqişə ilə bağlı siyasi prosesləri yeniyetmələrə dərindən mənimsətmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanıldı. Qeyd edək ki, “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunur.
Yeni dərs ilində “Zəfər tarixi” kursunun orta ümumtəhsil məktəblərində tədrisini yaxından izləmək, şagirdlərin bu dərsə marağını öyrənmək məqsədilə paytaxtın Sabunçu rayonunda yerləşən 148 nömrəli tam orta məktəbdə və Xətai rayonundakı Humanitar fənlər təmayüllü məktəb-liseydə olduq. 148 nömrəli məktəbdə doqquzuncu siniflərdə tarix müəllimləri-Rəşad Haqverdiyevin, Hümanitar fənlər təmayüllü məktəb-liseydə isə Elməddin Quliyevin “Zəfər tarixi” kursu ilə bağlı dərslərində iştirak etdik.
Dərslərdə Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun qəhrəmanlıq nümunələrinə, böyük qələbəni təmin edən amillərə nəzər salındı. 44 günlük müharibəyə qədər baş verən tarixi proseslərdən, mənfur qonşularımız tərəfindən törədilən faciələrdən söhbət açıldı. Ulu Öndər Heydər Əliyevin prakymatik siyasi kursundan, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu islahatlarından danışıldı. Vətən müharibəsində qəhrəmancasına həlak olan Şəhidlərimiz hörmət və ehtiramla yad edildi.
Dərslər bitdikdən sonra “Vətən tarixi” kursunu tədris edən müəllimlər və dərsdə iştirak edən şagirdlərlə söhbətləşdik.
“Bu kursun tədrisi şagirdlərimizə Qarabağ müharibəsi ilə bağlı bütün prosesləri ayrı-ayrılıqda aşılayır”
148 nömrəli tam orta məktəbin müəllimi Rəşad Haqverdiyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, şanlı qələbədə zabit kimi xidmət göstərib. Müharibədəki xatirələrindən qürur hissi ilə danışan Rəşad müəllim “Zəfər tarixi” kursunun tədrisinin əhəmiyyətini belə izah edib: “Bu kursun tədrisi şagirdlərimizə Qarabağ müharibəsi ilə bağlı bütün prosesləri ayrı-ayrılıqda aşılayır. Vətən uğrunda şəhid olanların keçdiyi tarixi yolu öyrədir. Düzdür, biz bundan öncə də tarix dərslərində şagirdlərə vətənpərvərlik ruhunu aşılayırdıq. Lakin “Zəfər tarixi” kursunun ayrıca tədrisi düşünürəm ki, şagirdlərimizin, yeniyetmələrin vətənimizlə bağlı gerçəkləri daha dərindən öyrənməsinə imkan verir. Dərs zamanı da, gördüyünüz kimi burada baş verən tarixi proseslərin hər biri xırda elementlərə qədər şagirdə çatdırılır, ermənilərin kəndlərdə törətdiyi soyqrımlar ayrı-ayrılıqda şagirdlərə öyrədilir. Bu kursun tədrisi yeniyetmələrimizin milli ruhda böyüməsinə xüsusi töhfə verəcək”.
“Bu dərsi keçəndə xüsusi qürur hissi duyuram”
Humanitar fənlər təmayüllü məktəb-liseyin tarix müəllimi Elməddin Quliyev “Zəfər tarixi” kursunun tədrisinin şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rol oynadığını söyləyib. O, artıq 3- cü ildir ki, bu kursun tədris edildiyini bildirib: “Şagirdlər “Zəfər tarixi” kursunun dərslərinə xüsusi maraq göstərir. Həftədə bir dəfə keçirilən dərsi səbrsizliklə gözləyirlər. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Dərs zamanı biz şagirdlərə döyüş meydanında, mərdi-mərdanə qələbə çaldığımızı, xalqımızın nə qədər qəhrəman oğulları olduğunu çatdırırıq. Düşünürəm ki, bu fənnin tədrisi yetişməkdə olan gənc nəsildə həm də döyüş ruhu oyadır. Bu dərsi keçəndə xüsusi qürur hissi duyuram”.
“Belə bir qürurlu tarixi dərindən öyrənmək hər bir şagirdin borcudur”
Humanitar fənlər təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Zəhra Xamməmmədova “Zəfər tarixi” kursunun hər həftə səbirsizliklə gözlədiyini deyir: “Torpaqlarımız 30 il işğal altında qalsa da, xalqımızın tarixi torpaqlarımıza qayıtmaq ümidi heç vaxt sönmədi. Bu, bizim haqq yolumuz idi. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə xalqımızın nə qədər əzmkar, vətənpərvər olduğunu bir daha sübut etdi. Belə bir qürurlu tarixi dərindən öyrənmək hər bir şagirdin borcudur. Bizə bu ildən keçirilən “Zəfər tarixi” dərsini var gücümlə oxuyacağam. Düşünürəm ki, bu dərsi dərindən öyrənməklə bir şagird kimi üzərimizə düşən borcu yerinə yetirəcəyik”.
“Bu fənn, başqa fənlərdən bizə daha əziz, daha doğmadır”
Humanitar fənlər təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Ayşən Nəcəfli bu tarixi sevə-sevə öyrənəcəyini deyir: “Əslən Kəlbəcər rayonundanıq. Gözümü açandan evimizdə Kəlbəcər, Vətən nisgili eşitmişəm. Artıq 3 ildir ki, torpaqlarımız işğaldan azad olunub. Nisgilli, həsrət dolu günlər arxada qalıb. Belə bir şanlı, qürurlu tarixi öyrənmək bizi təbii ki, çox sevindirir. Bu fənn başqa fənlərdən bizə daha əziz, daha doğmadır. Allah Şəhidlərimizə rəhmət eləsin. Bu gün Şəhidlərimizin qanı hesabına biz bu sevincli günləri yaşayırıq”.
“Düşünürəm ki, bu kursu hamı yüksək səviyyədə öyrənməlidir”
Şirin Şirinov 148 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. O, hər dərs olduğu kimi, bu gün keçirilən “Zəfər tarixi” dərsində çox biliklər əldə etdiyini deyir: “Artıq 3-cü dərsdir ki, “Zəfər tarixi”ni bizə sevimli müəllimimiz Rəşad müəllim tədris edir. Rəşad müəllim Vətən müharibəsində iştirak edib. Bu müharibədəki təəssüratlarını bizimlə bölüşür. Belə bir müəllimimiz olduğu üçün qürur hissi keçirirəm. Düşünürəm ki, bu kursu hamı yüksək səviyyədə öyrənməlidir”.
“Mən bu dərsin keçirilməsini çox istəyirəm”
Aysu Rəhimli də 148 nömrəli məktəbin 9-cu sinif şagirdidir. O, “Zəfər tarixi” kursu ilə bağlı fikirlərini belə izah edib: “Mən bu dərsin keçirilməsini çox istəyirəm. Dərs zamanı biz torpaqlarımızın hansı səbəblərdən işğal olunduğunu da öyrənirik. “Zəfər tarixi” dərsliyini ilk dəfə əlimə götürüb vərəqləyəndə başa düşdüm ki, torpaqlarımıza edilən təcavüz yüz illər bundan öncə planlaşdırılıb. Ona görə də tariximizin ən vacib məqamlarını bu dərslərdə öyrənəcəyəm. Düşünürəm ki, biz bu tariximizi dərindən öyrənməliyik ki, gələcəkdə vətəndaş kimi mənfur düşmənlərimizin hiylələrinə, məkrli oyunlarına qurban olmayaq”.
Niyazi RƏHİMOV