Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Bakı Dövlət Universiteti (BDU) və Almaniya Federativ Respublikasının Köln Universitetinin Hava hüququ, kosmos hüququ və kiber hüquq İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb. Müqaviləni “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, BDU-nun rektoru Elçin Babayev və Almaniyanın Köln Universitetinin Hava hüququ, kosmos hüququ və kiber hüquq İnstitutunun direktoru Stephan Hobe imzalayıb.
Memorandum tərəflərin Azərbaycan Respublikasında kosmos hüququ və siyasəti sahəsində beynəlxalq təcrübənin tətbiqinin inkişaf etdirilməsi məqsədi ilə müxtəlif fəaliyyət istiqamətləri üzrə münasibətlərin qurulması və inkişafı, elmi-tədqiqat fəaliyyətlərinin birgə həyata keçirilməsi, təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq çərçivəsini müəyyən edir.
Memorandum tərəflər arasında elmi və humanitar sahələrdə uzunmüddətli, səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, Kosmos hüququ, hava hüququ, kiber hüquq və sair əlaqəli sahələrdə qarşılıqlı informasiya mübadiləsinin aparılması, məsləhətləşmələrin həyata keçirilməsi və ekspert dəstəyinin göstərilməsi, birgə tədbirlərin (konfrans, seminar, simpozium, dəyirmi masa və s.) təşkil edilməsi və keçirilməsini nəzərdə tutur.
Tərəflərin akademik və inzibati heyətinin, bakalavriatura, magistratura və doktorantura təhsil səviyyələrində təhsilalanların qısamüddətli mübadiləsi, kosmos hüququ, hava hüququ, kiberhüquqa həsr edilmiş yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak üçün professor-müəllim heyətinin və digər əməkdaşların qarşılıqlı dəvət edilməsi və birgə İdarəetmə Təhsili/Sertifikat Proqramlarının hazırlanması da memorandumun şərtləri sırasındadır.
Memorandumda, həmçinin tərəflərin tədqiqat üçün bir-birlərinin maddi resurslarından (kitabxana, elektron baza, çıxışları olan internet resursları, laboratoriya və s.) istifadəsi üçün şərait yaradılması, mütəxəssis və ekspertlərin, habelə ən qabaqcıl təcrübələrin mübadiləsi, elmi-tədqiqat fəaliyyəti ilə əlaqədar təşkil edilən beynəlxalq layihələrdə birgə iştirakı, əməkdaşlarının və təhsilalanlarının elmi-tədqiqat fəaliyyətində əldə etdikləri nailiyyətlərin istehsalatda tətbiq edilməsinə dəstək göstərilməsi də əks olunub.