İtaliyanın məşhur aerokosmik şirkəti “D-Orbit”in Biznesin inkişafı üzrə vitse-prezidenti Stefano Antonetti Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşüb. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) təşkilatçılığı ilə baş tutan görüş ölkəmizdə davam edən Ümumdünya Kosmos Həftəsi (4-10 oktyabr) çərçivəsində gerçəkləşdirilib.

 

Öncə “Azərkosmos”un peyk əməliyyatları üzrə aparıcı mühəndisi Əsəd Həsənov tələbələrlə görüşün mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Moderator, həmçinin Ümumdünya Kosmos Həftəsinin “Azərkosmos” tərəfindən reallaşdırıldığını, cari ildə müxtəlif səpkili digər tədbirlərin keçiriləcəyini deyib.

 

Sonra “D-Orbit” şirkətinin vitse-prezidenti Stefano Antonetti moderatorun ünvanladığı sualları cavablandırıb. Təmsil etdiyi şirkət haqda danışan qonaq qeyd edib ki, kosmik logistika və nəqliyyat bazarında lider sayılan “D-Orbit” kosmik sənayenin xidmət təminatçılarına müxtəlif sahələr üzrə dəstək verir. Eyni zamanda, şirkət fəaliyyətini peyk buraxılışı, orbitlər arası daşımalar, orbitdə utilizasiyasının təşkilini asanlaşdırmağa imkan verən kosmik logistika infrastrukturun qurulması və s. üzərində həyata keçirir.

 

İnteraktiv şəkildə davam edən görüşdə vitse-prezident tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirib, kosmik sənayenin inkişafı, yeni həllər, müasir çağırışlar, hədəflər, eləcə də kosmik sənayenin inkişafına yönələn tədqiqat və səmərəli təcrübələrlə bağlı fikirlərini paylaşıb.