Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlimlər keçirilir.

 

Təlimlər Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil edilir.

 

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlimlərin əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olan təhsil işçilərinin müvafiq bilik və bacarıqlarının təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılmasından ibarətdir.

 

Vətəndaş məmnuniyyətində “ASAN xidmət” modeli, emosiyaların idarə edilməsi, effektiv ünsiyyət bacarıqları təlimlərin əsas mövzularıdır. Daha çox təcrübə əsaslı təlimdə diskussiyalar, qrup işləri xüsusi yer alır.

 

3 müxtəlif peşəkar təlimçi və xarici ekspertlər tərəfindən aparılan təlim prosesi hər bir iştirakçı üçün master-klass da daxil olmaqla 2 gün davam edir.

 

Təlimlərdə 700 təhsil işçisinin iştirakı nəzərdə tutulub. Sonda təlimin monitorinqinin nəticələri təhlil olunaraq ictimaiyyətə açıqlanacaq. Təlim prosesini başa vuran hər bir iştirakçı sertifikatla təltif olunacaq.

 

Qeyd edək ki, oktyabrın 4-də BŞTİ müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Altun Rəcəbli ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən təlim prosesini izləyib.