Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsinin bağlanış mərasimi keçirilib. Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və ADPU-nun Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin məqsədi Bakı üzrə təlim nəticələri aşağı sayılan məktəblərdə öyrənmə çətinliyi olan IX sinif şagirdlərinə pedaqoji-psixoloji dəstək göstərməkdir.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, layihə çərçivəsində universitetin “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisaslarında təhsil alan tələbələrinin ümumtəhsil məktəblərində mentor olaraq fəaliyyət göstərmələri olduqca qürurvericidir.
Rektor vurğulayıb ki, ADPU tələbələri üçün bu layihə pedaqoji sahədə təcrübə, öyrənmə çətinliyi olan şagirdlərlə işləmək, yeni təlim metodları ilə dərsin təşkil olunması kimi məqamlarla yanaşı, tələbələrin pedaqoji təcrübə imkanlarının genişləndirilməsi, real sinif şəraitində təcrübə qazanmaq baxımından da əhəmiyyət kəsb edir.
“Covid-19 pandemiyasından sonra şagirdlərdə yaranmış öyrənmə boşluğunun səbəblərini araşdırmaq, zəif nəticələrin aradan qaldırılması üzrə işin metodikasını təkmilləşdirmək təhsil sahəsində günümüzün əsas tələbatına çevrilib. Həmçinin, bir-birindən fərqli bilik və bacarıq səviyyələrində olan şagirdlərə, müxtəlif icmalara dəstək göstərə bilmək bacarığı müasir müəllimdə görmək istədiyimiz xüsusiyyətlərdəndir və layihənin yaratdığı imkanlar tələbələr tərəfindən bu xüsusiyyət və bacarıqların qazanılması baxımından olduqca əlverişlidir. Pedaqoji Universitet və ümumtəhsil məktəbləri arasındakı qarşılıqlı əlaqənin müsbət nəticələri, universitet-məktəb əməkdaşlığının ümdə məsələ kimi diqqətdə saxlanılması gələcəyin pedaqoji kadrlarını hazırlayan ali təhsil müəssisəsi olaraq bizi sevindirir” - deyə C.Cəfərov qeyd edib.
Sonra ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva layihənin gedişatı ilə bağlı təqdimatla çıxış edib. Qeyd olunub ki, layihə çərçivəsində ADPU-nun 50 nəfər tələbəsi 4 ay ərzində, əsasən Qaradağ rayonunda olmaqla, Bakı şəhərinin müxtəlif yerlərində yerləşən 13 məktəbdə 500 nəfərə qədər şagird üçün hər biri həftədə 2 saat olmaqla, Azərbaycan dili və riyaziyyat fənləri üzrə əlavə dərslər keçib, eyni zamanda şagirdlər və valideynlərlə psixoloji xidmətə dair seminarlar təşkil ediblər.
Prorektor qeyd edib ki, BŞTİ tərəfindən aparılmış monitorinqlərin nəticələri göstərir ki, mentor proqramı həyata keçirilən məktəblərdə IX siniflər üzrə təlim nəticələrində və buraxılış imtahanlarının nəticələrində müsbət dinamika qeydə alınıb.
Çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva və Elm və Təhsil Nazirliyinin Tədqiqat və İnnovasiyalar sektorunun müdiri Vüsalə Əliyeva bu kimi layihələrdən həm tələbələr, həm şagirdlərin faydalandığını diqqətə çatdırıblar. Bildirilib ki, belə layihələr, eyni zamanda yeni yanaşmaların tətbiqində, məktəb-universitet əlaqələrinin dərinləşməsində müsbət model rolunu oynaya bilər.
Daha sonra layihədə iştirak edən mentor tələbələrdən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının III tədris ilinin tələbələri Şəlalə Qocayeva və Validə Şıxıyeva öz təəssüratlarını bölüşüblər.
Qeyd olunub ki, layihənin davamlılığının təmin olunması məqsədi ilə proqramda iştirak edən tələbələrin oxşar layihələrə cəlb edilməsi, mövcud təcrübənin təbliği və genişləndirilməsi nəzərdə tutulur.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.