Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində Agentliyin partnyor şirkətlərindən “Techspace Azərbaijan” MMC tərəfindən ADPU əməkdaşları üçün təşkil edilən SPSS (Sosial Elmlər üçün Statistika Paketi – Statistical Package for Social Seciences) proqramı üzrə üç aylıq təlim kursunun bağlanış və təltifetmə mərasimi keçirilib.
Təlimlərdə ADPU-nun 15 nəfər gənc əməşdaşı iştirak edərək, yüksək nəticə ilə kursu tamamlayıb və müvafiq sertifikata layiq görülüblər.
Təltifetmə mərasimində universitetin rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, “Techspace Azerbaijan” MMC-nin direktoru Elçin Qasımov və şirkətin təhsil direktoru Mətanət Məmmədova iştirak ediblər.
C.Cəfərov qeyd edib ki, ADPU-da akademik heyətin rəqəmsal bacarıqlarının inkişafına xüsusi önəm verilir və bu baxımdan universitet əməkdaşlarının “Technest” təqaüd proqramı çərçivəsində akademik tədqiqatlar üçün əhəmiyyətli SPSS proqramı üzrə təlimlərdə iştirakı xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, SPSS proqramı dünyada statistik təhlil üçün, xüsusən də ictimai elmlər bölməsində geniş istifadə olunur. SPSS bazar tədqiqatçıları, sağlamlıq tədqiqatçıları, sorğu şirkətləri, dövlət qurumları, təhsil tədqiqatçıları, marketinq agentlikləri, “məlumat mədənçiləri” və s. tərəfindən praktik olaraq istifadə olunan, elmi-tədqiqat institutları, akademik təşkilatlar, bizneslər və dövlət müəssisələri üçün nəzərdə tutulan, beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqramıdır. Təşkilatlar məlumatları anlamaq, meylləri təhlil etmək, fərziyyələri yoxlamaq və dəqiq nəticələr əldə etmək üçün proqnozlaşdırma və planlaşdırma üçün SPSS statistikasından istifadə edirlər.
“Technest” təqaüd proqramında məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. “Technest” mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin qabaqcıl tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı ixtisaslar üzrə İKT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu da təşkil edir.