Oktyabrın 2-də ümumi təhsil müəssisələrindəki beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Bununla əlaqədar paytaxtdakı 257 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, məktəbin məzunu, şəhid Ceyhun Həsənovun atası Aydın Həsənov, məktəbin direktoru Qarat Qaratov, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan məktəbin direktoru Q.Qaratov məktəbəhazırlıq qruplarında tədrisin başlanması münasibətilə hər kəsi təbrik edib, uşaqlara uğurlar arzulayıb.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbə ilk addımlarını atan uşaqları təbrik edib, onlara qalib Azərbaycanda daim aydın səma altında firavan həyat və yollarının açıq olmasını arzulayıb. X.Əhmədzadə, həmçinin valideynlərin müəllimlərlə bərabər övladlarının yüksək səviyyədə təlim-tərbiyə almasına mühüm töhfə vərəcəklərinə inandığını söyləyib.
İdarənin müdir müavini məktəbhazırlıq qruplarının 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədilə yaradıldığını bildirib.
Qeyd edib ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 639 uşaq qeydiyyatdan keçib.
Daha sonra çıxış edən məktəbin məzunu, şəhid Ceyhun Həsənovun atası Aydın Həsənov balacaları təbrik edib, onlara Vətənə layiqli övlad kimi böyümələrini arzulayıb.
Sonra BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbəhazırlıq qruplarında ilk məşğələ prosesini izləyib.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.