Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının növbəti (2023-cü il, №3) nömrəsi və jurnalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və peşə təhsili” xüsusi buraxılışı (bioqrafik kitab) eyni vaxtda oxucularının görüşünə gəlib.Bu kitabda, həm də 180 illik uzun tarixə malik olan Azərbaycan peşə təhsilinin keçdiyi yola işıq salınaraq onun bugünədək çox mürəkkəb, kəşməkəşli, eyni zamanda şərəfli bir yol keçməsini, ölkə iqtisadiyyatının peşə təhsilli kadrlara olan ehtiyacının ödənilməsində mühüm rol oynamasını, nəhayət, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bu sistemin özünün ən yüksək inkişaf mərhələsinə çatmasını oxucularımızın diqqətinə çatdırmaq məqsədi qarşıya qoyulmuş və kitab ölkə Prezidentinin Sərəncamı ilə əbədiləşdirilmiş “2023 - Heydər Əliyev İli”nə “Peşə təhsili və insan kapitalı” jurnalı redaksiyasının bir töhfəsi kimi hazırlanıb.
Kitabda Azərbaycanda peşə təhsilinin formalaşma tarixi, bu prosesin Heydər Əliyevin hakimiyyəti illərinin I və II dövrünə qədərki və sonrakı vəziyyəti sistemli şəkildə araşdırılıb, Ulu Öndərin təhsil, eləcə də peşə təhsili sahəsində müstəsna xidmətləri, günümüzün prioritet sahəsi hesab olunan peşə təhsilində aparılan islahatlar da yer alıb.
Qeyd edək ki, kitabın ideya və “Ön söz”ünün müəllifi, eyni zamanda onu nəşrə hazırlayan “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyevdir. Kitabın elmi redaktoru Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Nəsibov, baş məsləhətçisi Azərbaycan Respublikası Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, Əməkdar müəllim Rəsul Əsgərov, rəyçiləri isə pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov, pedaqogika elmləri doktoru, professor Müseyib İlyasov və pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Şahrza Ağayevdir.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda peşə təhsilinin vəziyyəti, onun yaranma tarixi ilə yanaşı, müasir dövrdə prioritet sahə kimi inkişafı ilə kitabda tanış olmaq mümkündür. Azərbaycanda peşə təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafı, ictimaiyyət arasında nüfuzunun artması da, məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə iri fabrik və zavodlar tikilərkən, öncə onlar üçün peşə təhsilli kadrlar hazırlayan peşə məktəbləri tikilib istifadəyə verilirdi.Həmçinin kitabda sovet dövründə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərə, Azərbaycanda müasir təhsil siyasətinin formalaşması xüsusiyyətlərinə, Ulu Öndərin siyasi varisi İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin peşə təhsili sahəsində qazanılan uğurlara, Heydər Əliyev Fondunun peşə təhsili sahəsindəki fəaliyyətinə də geniş yer verilib.
Kitab Əməkdar müəllim R.Əsgərov və filologiya üzrə fəlsəfə doktoru Ş.Balakişiyevin müxtəlif mənbələrdən əldə etdikləri peşə təhsilinə dair arxiv sənədləri və onların dövri mətbuatda çap olunan materialları əsasında hazırlanıb. Həmçinin kitabda Azərbaycan Dövlət Texniki-Peşə Təhsili Komitəsinin arxivindən götürülmüş arxiv sənədləri, fotolar yer alıb. Kitabın son səhifələrində Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu dərc olunub ki, bunun da oxucular üçün faydalı ola biləcəyini düşünürük.
Geniş auditoriya üçün nəzərdə tutulan kitabdan təhsil işçiləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin müəllim və tələbələri istifadə edə bilərlər. Peşə təhsilinin inkişaf tarixinin, eləcə də Heydər Əliyev irsinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyətə malik “Heydər Əliyev və peşə təhsili” kitabı peşə təhsili istiqamətində yeni tədqiqatlar üçün də imkanlar açır.
Günel ƏLƏSGƏROVA,
“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru