“Quacquarelli  Symonds” (QS) nəşrinin Avropanın ən yaxşı universitetləri sıralamasında Türkiyə ali təhsil müəssisələri uğurlu nəticələr göstəriblər.

 

Türkiyənin Orta Doğu Texnik Universiteti sıralamada   124-cü, İstanbul Texnik Universiteti 138-ci, Koç Universiteti 174-cü, Bilkent Universiteti 178-ci və Boğaziçi Universiteti 199-cu olub. Sabançı Universiteti (201), Hacettepe Universiteti (224), İstanbul Universiteti (228), Qazi Universiteti (283), Ankara Universiteti (289), Yıldız Texniki Universiteti (326), Ege Universiteti (381), İstanbul İnkişaf Universiteti (432), Abdullah Gül Universiteti (445), Qalatasaray Universiteti (445), Mərmərə Universiteti (451), Çankaya Universiteti (455), İstanbul Bilgi Universiteti (488), Dokuz Eylül Universiteti (488) də ilk 500-lükdə yer alıblar.

 

Türkiyə universitetləri QS-in  akademik reputasiya, işçi reputasiyası, məqalələrə sitatların sayı, bir müəllimə düşən məqalələrin sayı, beynəlxalq tədqiqat kommunikasiya şəbəkəsi, məşğulluq, müəllim-tələbə nisbəti, beynəlxalq tələbə müxtəlifliyi, beynəlxalq müəllim nisbəti,  mübadilə proqramı tələbələri istiqamətlərində fərqlənirlər.

 

Bütövlükdə reytinqə 72 türk ali təhsil müəssisəsi daxil olub. Bu sayla Türkiyə Böyük Britaniyadan sonra reytinqdə ən çox universitetlə təmsil olunan ikinci ölkədir.

 

QS-nin beynəlxalq işəgötürənlər arasında tanınma baxımından qiymətləndirməni əks etdirən “İşəgötürən reputasiyası” göstəricisində Türkiyədən üç universitet bu sahədə Avropanın ən yaxşı 50 universiteti arasında yer alıb. ODTU bu siyahıda 34-cü yerdə qərarlaşıb, bu nəticə ODTU-nu işəgötürənlər tərəfindən ən çox tanınan Türkiyə universiteti edib. ODTU-nu 37-ci yerdə İstanbul Texniki Universiteti, 42-ci yerdə isə Boğaziçi Universiteti izləyir. Bundan əlavə, ODTU     “Akademik nüfuz” göstəricisində də ən yaxşı universitetlər arasında 109-cu yerdə qərarlaşıb.

 

Türkiyənin Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu -YÖK) sədri professor Erol Özvar reytinqin nəticələrini belə şərh edib: “Universitetlərimiz akademik nüfuz, tələbə-müəllim nisbəti, məqalə sayı, beynəlxalq tələbə sayı kimi kriteriyalara görə edilən qiymətləndirmədə bizi sevindirdi”.

 

Erol Özvar əlavə edib ki, “YÖK olaraq, ölkəmizi ali təhsil və təhsil sahəsində dünya nəhəngləri ilə rəqabətədavamlı etmək, beynəlmiləlləşmə strategiyamıza uyğun olaraq getdikcə artan  tələbələr üçün cazibə mərkəzinə çevrilmək yolunda sıx səylər göstəririk.

 

Əməyinin bəhrəsini görmək bizim üçün böyük xoşbəxtlik mənbəyidir”.

 

O.MUSTAFAYEV