26-28 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron, Xızı rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

 

Layihənin həyata keçirilməsində məqsəd suda boğulma, yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsidir.

 

Tədbirlərdə Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərinin rəsmi nümayəndələri, qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, digər qonaqlar iştirak ediblər.

 

Tədbirlərdə giriş sözü ilə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini bildirib. Nazir müşaviri qeyd edib ki, təhsilalan və təhsilverənlərin yarana biləcək fövqəladə hallara hazır olması, lazımi davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsi vacibdir.

 

Ardınca Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda boğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub.

 

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.