Sentyabrın 27-də Böyük Britaniyanın “Times Higher Education” (THE) dünyanın ən yaxşı universitetlərinin 2024-cü il üzrə növbəti qlobal sıralamasını “ World University Rankings 2024” açıqlayıb.

 

Sıralamaya  108 ölkə və regiondan 1904 universitet daxildir. 1904 reytinqli quruma əlavə olaraq, daha 769 universitet “reportyor” statusu ilə siyahıya salınıb. Yəni, onlar məlumat təqdim ediblər, lakin dərəcə almaq üçün THE-nin uyğunluq meyarlarına  cavab verməyib və yekun cədvəldə “reportyor”  kimi göstərilməyə razılaşıblar.

 

Azərbaycanı əsas reytinqdə  (1501+)  Bakı Dövlət Universiteti  təmsil edir.
“Reportyor” qismində isə Azərbaycanı ardıcıllıqla aşağıdakı universitetlər təmsil edir:

 

  • - Azərbaycan Memarlıq və İnşaat Universiteti,
  • - Azərbaycan Dövlət İqtisad Universiteti,
  • - Xəzər Universiteti,
  • - Naxçıvan Dövlət Universiteti,
  • - Qərbi Kaspi Universiteti.

 

Bu ilki reytinqdə 16,5 milyon tədqiqat nəşri üzrə 134 milyondan çox sitat təhlil edilib və qlobal miqyasda 68 402 alimin sorğu cavabları daxil edilib. Ümumilikdə, məlumat təqdim edən 2673-dən çox qurumdan 411,789 məlumat əldə olunub.

 

Oksford Universiteti ardıcıl səkkizinci ildir ki, reytinqə başçılıq edir, lakin ilk beşliyə daxil olan digərlərinin sıralarında dəyişiklik müşahidə olunur. Stenford Universiteti ikinci yerə yüksələrək Harvard Universitetini dördüncü pilləyə endirib. Massaçusets Texnologiya İnstitutu (MIT) bu il iki pillə yüksələrək üçüncü olub. Kembric Universiteti keçən il üçüncü yeri tutduqdan sonra beşinci yerə enib.

 

Reytinq universitetlərin 5 sahədə 18 diqqətlə seçilmiş performans göstəricilərinə əsaslanır: tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlxalq dünyagörüşü.

 

Oruc MUSTAFAYEV