Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Yaqub Piriyev şəhid ailələrinin üzvləri olan tələbələr - Aysel Manafova və Səid Babayevlə görüşüb.

 

Görüşdə Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi anılıb.

 

44 günlük Vətən müharibəsinin başlanmasından üç il ötdüyünü xatırladan Yaqub Piriyev 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızın qəhrəman şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına düşmən tapdağından azad edildiyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən ,Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edildiyini deyən rektor bu tarixi həmişə qalib xalq kimi qürurla yad edəcəyimizi bildirib.

 

Sonra Y.Piriyev şanlı Zəfər tariximizi yazan şəhidlərimizin, qazilərimizin sosial müdafiəsi üçün dövlət tərəfindən görülən işləri, təhsil sahəsində onların ailə üzvlərinə edilən güzəştləri diqqətə çatdırıb.  

 

Rektor şəhid ailələrinin üzvü olan tələbələrin təhsili, sosial problemləri ilə maraqlanıb, onlara təhsil aldıqları müddətdə diqqətin daha da artırılması üçün müvafiq şəxslərə tapşırıqlar verib. Eyni zamanda, onların universitetdə təhsil aldıqları müddətdə müəyyən layihələrə cəlb olunacağı, ali təhsili başa vurduqdan sonra işlə təminatı üçün addımların atılacağı bildirilib.

 

Qeyd edək ki, BMU tələbəsi Aysel Manafovanın həyat yoldaşı Osman Natiq oğlu Manafov 44 günlük Vətən müharibəsində  Hadrutun azad edilməsi zamanı, Səid Babayevin atası, baş leytenant Valeh Dadaş oğlu Babayev isə 2007-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib.