Şəhla Rəhimova: “Sevinirəm ki, Azərbaycan Müəllimlərinin XVI Qurultayına nümayəndə seçilmişəm”


Onu əvvəllər Fatma müəllimin qızı kimi tanıyırdılar. Ziyalı ailəsində böyüyən, ağıllı, dərslərini əla oxuyan, sözəbaxan, davranışları ilə hamının hörmətini qazanan bu qızın görüb-götürdüyü müəllim sənətinin incəlikləri idi ki, bunu da hər gün ibtidai sinif müəllimi olan anasının timsalında yaddaşına hopdururdu. Qırmızı qələmlə şagird dəftərini yoxlayan zaman anasının yanını kəsdirər, böyük maraqla sonda veriləcək qiyməti, bir də anasının çəkdiyi imzanı səbirsizliklə gözləyərdi. Hərdən anasını gizlində təqlid də edərdi. Öyrəndiyi dərsi sanki uşaqlara başa salırmış kimi danışar, otaqda o baş-bu başa var-gəl edərdi.

 

Nəhayət, zaman onun xeyrinə işlədi. Arzusunun gerçəkləşməsi sevincini ürəkdolusu yaşadı.

 

Ali məktəbi yaxşı qiymətlərlə bitirdi.  İllər ötsə də, ilk dəfə sinif otağına girməyini, keçirdiyi həyəcanı bu gün də xatırlayır.

 

Zamanın axarında qazandığı uğurlar ona başucalığı gətirib. Daha onu anasına görə deyil, elə özünün əldə etdiyi nailiyyətlərə görə tanımağa başladılar. Bu tanınma o qədər “böyüdü” ki, adı ölkə rəhbərinin “Əməkdar müəllim” adı verdiyi təhsilverənlər sırasında yer aldı.

 

Bu dəfə haqqında danışdığımız Salyan rayon Ə.Kürçaylı adına texniki fənlər təmayüllü məktəb-liseyin coğrafiya müəllimi Şəhla Rəhimovadır.

 

O, 1974-cü il aprelin 4-də Şirvan şəhərində, ziyalı ailəsində dünyaya göz açıb. Babası və anası müəllim olub.

 

Ş.Rəhimova  özü haqqında  belə söylədi: “1991-ci ildə Salyan şəhər 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Mənə dərs deyən müəllimlərimin böyük həvəslə, can yanğısı ilə elmi bilikləri şagirdlərə öyrətməyə çalışmalarını gördükcə və zaman keçdikcə bu peşənin nə qədər müqəddəs olduğunu duyduqca, ürəyimdə müəllimliyə olan böyük sevgi, məhəbbət hissləri coşub-çağlayırdı. Əlbəttə, babamın, anamın da müəllim kimi fəaliyyət göstərmələrinin də bu peşəyə qırılmaz tellərlə bağlanmağımda öz təsirini göstərmişdir.

 

Orta məktəbi başa vurduqdan sonra heç bir tərəddüd etmədən sənədlərimi Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə verdim və qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək ali məktəbə daxil oldum. 1995-ci ildən Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb- liseydə coğrafiya müəllimi işləyirəm. Tədris etdiyim fənnin dərinliklərinə, incəliklərinə yiyələnmək üçün yorulmaq bilmədən çalışmağımın, elmin enişli-yoxuşlu yollarında qarşıya çıxan hər hansı bir çətinlikdən çəkinməyərək, böyük zəhmətə qatlaşmağımın nəticəsidir ki, işlədiyim müddət ərzində bir sıra uğurlara nail olmuşam. Mütəmadi olaraq şagirdlərimdə tədris etdiyim fənnə marağı artırmaq məqsədilə müxtəlif tədbirlər - bilik yarışları, viktorinalar keçirirəm”.

 

Şəhla müəllim öz savadı, bacarığı və təşkilatçılığı ilə həmişə müəllim yoldaşlarından  fərqlənib. Dəfələrlə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub, 2021-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin, Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəxri-fərman və təşəkkürnaməsini alıb. Bakıda keçiriləcək Azərbaycan Müəllimlərinin XVI Qurultayına nümayəndə seçilib.

 

Şəhla müəllim şagirdlərinin uğurlarına öz uğurlarından daha çox sevinir. Buna haqqı da var. Çünki  onun 2019-2023-cü illərdə coğrafiya fənni üzrə keçirilən respublika fənn olimpiadalarında şagirdləri 7 medal-3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. O cümlədən, 2019-2020-2021-ci illərdə Əflan Bədəlov 3 qızıl, 2021-2022-2023-cü illərdə Mirəsgər Əsgərov 2 gümüş, 1 bürünc, 2023-cü ildə Arif Sultanlı isə gümüş medala layiq görülüblər.

 

2021-ci ilin qəbul imtahanlarında 692 bal toplayan Əflan Bədəlov Bakı Ali Neft Məktəbində təhsil alır. Mirəsgər Əsgərov 2023-cü ildə keçirilən qəbul imtahanlarında 612 balla ADA Universitetinə qəbul olub. O, hazırda FLEX proqramı üzrə ABŞ-da təhsil alır. Müəllimi ilə tez- tez əlaqə saxlayır.

 

Bəli, müəllim daim öz üzərində işləməyi bacarmalıdır. Öyrənib sonra öyrətmək əslində yeni uğurun başlanğıcını qoyur. Araşdırma, axtarış yeniliyə gətirib çıxarır.

 

Təhsildəki yeniliklər zamanla ayaqlaşmağı tələb edir. Təhsilimizin inkişafı, onun dünya təhsil sisteminə inteqrasiyası, ən müasir metod və qaydaların tətbiqi baxımından respublika təhsil sistemində həyata keçirilən islahatlar Şəhla müəllimi ürəkdən sevindirir. Təhsildə islahatlar, yeni çağırışlar, innovativ çalışmalar, bir də şagirdlərinin uğuru ona tədrisdə və təlimdə zamanla ayaqlaşmaq stimulu verir.

 

Müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikasiyası məsələsinə gəldikdə isə  Şəhla müəllimin  fikri  birmənalı oldu. O, qeyd etdi ki, belə bir prosesin uğurla həyata keçirilməsi daha savadlı, bilikli, bacarıqlı müəllimlərin aşkar olunaraq üzə çıxarılmasını təmin etməklə təhsilimizin gələcəyinə xidmət edir.

 

Şakir CƏFƏROV