Elnur Nəsibov: “Bu imkandan Azərbaycan təhsil sisteminin nümayəndələri yararlanacaq”


100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu “Coursera” onlayn təhsil platformasına Azərbaycandan ödənişsiz qoşulma imkanı reallaşıb. Bu imkan sayəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyənlər “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşulacaq. Avqustun 23-dən başlayaraq 2 həftə ərzində həyata keçirilən ilk qeydiyyat prosesi yekunlaşıb və bu müddət ərzində 6654 nəfər müraciət edib. 70 faizi Bakı şəhərindən, 30 faizi regionlardan olan həmin müraciətçilər arasından seçilən min nəfərə sistemə giriş imkanı tanınıb. Bu barədə həmin şəxslərin qeydiyyatdan keçdikləri elektron ünvanlarına seçəcəyi kursda pulsuz təhsil almaq imkanı verildiyinə dair təbrik ismarıcı göndərilib və onlar sentyabrın 15-dən tədrisə başlayıblar.

 

Layihə haqqında

 

Bu, pilot olaraq həyata keçirilən layihə çərçivəsində reallaşıb.

 

Layihə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına hesablanıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşan layihənin şərtlərinə görə, bir il ərzində ümumilikdə 10 min nəfər növbəli şəkildə dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramları əsasında ödənişsiz təhsil ala biləcək. Platformada “Google”, “IBM”, “Microsoft”, “Amazon”, “Meta” kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur. Kursları uğurla bitirənlərə oxuduqları proqrama uyğun sertifikat veriləcək. “Coursera”nın ödənişsiz kursları da var və bu layihə sayəsində həmin kursları bitirənlər ödənişsiz imtahan verərək sertifikat ala biləcəklər.

 

Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi dünyanın 300-ə yaxın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Lakin daha uzun müddəti əhatə edən həmin universitet proqramları layihə çərçivəsində nəzərdə tutulmayıb. 

 

Hansı kursu seçək?

 

Proqram 4-cü Sənaye İnqilabı texnologiyaları, o cümlədən Süni Zəka, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla, ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edir.

 

Qeydiyyatdan keçənlər “Coursera”nın iş imkanı, əmək bazarında rəqabətədavamlı olmaları üçün təklif edilən tövsiyələri də nəzərdən keçirməlidir. Belə ki, saytda kifayət qədər maraqlı araşdırmalar var və onların nəticələrindən yararlanaraq gələcəklə bağlı planlar qura, ya da mövcud planlarını dəyişdirə bilərlər.

 

Bəs, müraciətçilərin maraq sahəsi, hansı kursu seçməsi layihədən faydalanmasında hansısa rol oynayırmı?

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun fikrincə, əsas odur ki, seçilən şəxslər əmək bazarını düzgün qiymətləndirsin: “Azərbaycan 2030-cu il üçün ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioriteti reallaşdırmağı hədəfləyir. Bunlardan biri rəqabətli insan kapitalını formalaşdırmaq və müasir innovasiyalar məkanı yaratmaqdır. Bu məqsəd insanların yüksək keyfiyyətli təhsil almaq imkanlarını genişləndirməyi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmasını hədəfləyir. “4Sİ Akademiyası” layihəsinin də prioritet məqsədi məhz rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Azərbaycanda həm özəl, həm də dövlət qurumlarında avtomatlaşma, xidmətlərin rəqəmsallaşması prosesi gedir. Eyni zamanda sosial-iqtisadi strategiyanın tərkib hissəsi olaraq yeni nəsil iqtisadiyyat strategiyası hazırlanır. Bu çərçivədə Azərbaycana kifayət qədər proqramçılar, DATA analitiklər, süni zəka mütəxəssisləri lazımdır. Xüsusən, 4-cü Sənaye İnqilabı ixtisasları üzrə. Bununla yanaşı, insanlarda kommunikasiya bacarıqları da önəmlidir. Menecerlər layihəni necə təqdim etməlidir, liderlər rəqəmsallaşmanı necə başa düşməlidir və s. “yumşaq biliklər” dediyimiz biliklər də təqdim edilib. Əsas odur ki, seçilən şəxslər özləri əmək bazarını qiymətləndirib maraqlarının olduğu sahə üzrə kurslardan yararlansınlar”.

 

TİF İdarə Heyətinin sədri E.Nəsibov isə Azərbaycan təhsil sisteminin nümayəndələrinin yararlana biləcəyi imkanlara diqqət çəkib: “Evdən çıxmadan, sadəcə kompüter arxasında müxtəlif təhsil proqramlarının verdiyi imkanlardan istifadə edə və bir çox vacib texnologiyalarla işi öyrənərək əmək bazarında özlərinə yer edə bilərlər. Ünsiyyət, kommunikasiya, liderlik və başqa, həm yerli, həm də xarici işəgötürənlər arasında tələb olunan səriştə və bacarıqlar aşılayan maraqlı kurslar var. XXI əsrdə ən çox tələb olunan və nüfuzlu universitetlərin təklif etdiyi ixtisaslara yiyələnmək imkanını tələbələrimiz, müəllim-professor heyəti qiymətləndirir. Həmin ixtisaslara hələ ilk həftədə yüksək müraciət sayı bunu deməyə əsas verir. Bu imkandan Azərbaycan təhsil sisteminin nümayəndələri yararlanacaq”.

 

Vaxtın yoxdur?

 

Yəni, neçə kurs istəyirsən, hansı kursu istəyirsən, seç, oxu. Bu platformadan səmərəli şəkildə istifadə etmək istəyənlər üçün vaxt problemi olmayacaq. Çünki bu platformada təhsil vaxtını istifadəçi özü müəyyənləşdirir. Beləliklə, platformaya ödənişsiz giriş imkanı qazanan Azərbaycan vətəndaşları yerindən və zamanından asılı olmayaraq, sistemə daxil olub təhsil ala biləcəklər. Bu, Bakı və ya region, hətta internetin olmadığı bir yerdən, gecə və ya gündüz fərqi qoymadan mümkün olacaq. Belə ki, platformanın mobil tətbiqi onu yüklədikdən sonra internet olmayan yerlərdə də istifadəsinə imkan verir. Platformada tədris alanlar ayrı-ayrı mərhələlərdə testlərə cavab verəcək, imtahan verərək dünyanın bir çox ölkələrindəki şirkətlərin də qəbul etdiyi sertifikat ala biləcəklər.

 

1000 nəfər kimlərdir, necə seçilib?

 

Beləliklə, hər 6 həftədən bir 1000 nəfərə platformaya giriş imkanı yaradılacaq. Bəs, həmin 1000 nəfərdən biri olmaq üçün  ödəməli olduğumuz şərt hansıdır?

 

İlk şərt ingilis dilində müəyyən bilik səviyyəsinə malik olmaqdır, çünki kurslar ingilis dilindədir və tanınmış universitetlərin professorlarının həmin təhsil ocaqlarında dedikləri dərsin eynidir.

 

Elnur Nəsibov, ilk növbədə, 16 yaşdan yuxarı olanlara üstünlük veriləcəyini deyib: “İngilis dilində bilik səviyyəsi ilə yanaşı, İQ səviyyəsi də nəzərə alınacaq”.

 

Fariz Cəfərovun fikrincə, 1000 nəfər müəyyən təhlillərin nəticəsi olaraq seçilir: “İlkin mərhələdə hər kəsə şərait yaradılıb. Platformada bütün sahələrdən olan insanların təmsil olunmasına çalışılıb. Seçilən ilk 1000 nəfərin arasında şəhid ailələrinin üzvləri, tələbələr, müəllimlər, analıq məzuniyyətindən qayıdan, hətta yeni bilik və bacarıqlar əldə etmək istəyənlər var. Bizim kifayət qədər böyük məlumat bazamız var. Təhlil olunaraq layihəyə ən tez müraciət edənlər dəyərləndirilib. Tez müraciət etməsi nə qədər maraq və həvəs göstərdiklərinin göstəricisi olaraq nəzərə alınıb”.

 

F.Cəfərov əlavə edib ki, platformada fəal olmayanların sistemə girişi ləğv ediləcək və bu imkan başqasına veriləcək: “Hər gün sistemə daxil olub azı yarım saat məşğul olmaq lazımdır ki, 6 həftə ərzində proqramı uğurlu şəkildə bitirmiş olsunlar. 4Sİ texnologiyalarını tətbiq edərək tədris proqramını izləyəcək, tədrisə nə qədər vaxt ayırdıqlarını, hansı proqramlardan yararlandıqlarını, sonradan dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində onların iş tapıb-tapmadıqlarını, ixtisaslarını necə dəyişdikləri istiqamətində araşdırmalar aparacağıq”.

 

Təlim proqramlarının əhatə dairəsi genişləndiriləcək

 

“Coursera” şirkətinin Asiya və Sakit Okean üzrə İctimai sektorunun rəhbəri Çad Paşanın sözlərinə görə, platformanın 129 milyon istifadəçisi var. İndiyədək Azərbaycandan bu platformaya ölkənin bütün bölgələrindən olan 125 min nəfər qoşularaq 520 min  kursda iştirak edib. Bu da o deməkdir ki, orta hesabla hər insan 3 kurs götürüb.

 

“Coursera” şirkətinin hesabatlarından görünür ki, bu platformada əldə edilən sertifikatlar sayəsində istifadəçilərin təqribən 77 faizi, inkişaf etməkdə olan ölkələrdə isə 91 faizi yeni iş əldə edib, karyerada yüksəlib, yeni bilik və bacarıqlara yiyələnib. 100 ölkəyə dair statistik məlumatda Azərbaycanın mövqeyi də bəlli olub. Belə ki, 44-cü yerdə qərarlaşan Azərbaycandan olan istifadəçilər əsasən biznes,  texnologiya və Data elmi sahələrində kurslara yiyələniblər.

 

Cad Paşa Azərbaycanın potensialına da toxunaraq nazirliklərlə birlikdə hədəflədikləri nəticəyə diqqət çəkib: “Çox önəmli olan məsələlərdən də biri budur ki, Azərbaycanın kifayət qədər potensialı var. Bu layihə ilə insanların bilik və bacarıqlarını artırmalarına dəstək verəcəyik. Əməkdaşlığımız çərçivəsində Azərbaycanda onlayn öyrənmə və rəqəmsal iş imkanlarının bərabər şəkildə təmin edilməsi istiqamətində addım atdıq”.

 

Cad Paşa layihə çərçivəsində təklif edilən kursların üstünlüklərini qeyd edərək, gələcəkdə təlim və proqramların əhatə dairəsinin genişləndiriləcəyini də vurğulayıb: “Tədris ən çox ehtiyac olan sahələrə uyğunlaşdırılıb. Hazırlanan məzmun kifayət qədər praktikidir. Tələbələrə proses boyu suallar verir, sual-cavab yolu ilə öyrəndiklərini tətbiq etmələrini təmin edirik. Odur ki, kurslarımız nəzəri deyil, həm də praktik şəkildə mənimsənilir. Bunlar başlanğıcdır. TİF və İqtisadiyyat Nazirliyi ilə birlikdə gələcəkdə təlim proqramlarımızın əhatə dairəsini genişləndirəcəyik. Ümid edirik ki, bu təşəbbüslərimiz ölkə əhalisinə müsbət töhfə verəcək”.

 

Fərqli formatda  yeni layihələr olacaq

 

Layihə ilə bağlı başqa planlar da var. Bunu isə Fariz Cəfərov deyib: “Layihə çərçivəsində gələcəkdə Azərbaycan dilində subtitrlərlə platformanın hazırlanması planlaşdırılır. Bu halda  bütün vətəndaşlarımızın platformadan istifadə etməsinə şərait yaradacağıq. Burada olan aktivliyə uyğun olaraq yeni, fərqli formatda layihələr nəzərdə tutulur. Bu layihə bizim üçün də təcrübədir. Tədqiqat apararaq insanların maraq dərəcəsini ölçəcəyik. Ona uyğun olaraq da yeni layihələr haqqında düşünəcəyik”.

 

Ruhiyyə DAŞSALAHLI