Heydər Əliyevin xaricdə təhsil siyasəti Azərbaycanın elmi və kadr potensialının yüksəlişini təmin edib
Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk illərindən bilikli, milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını ölkəmizin inkişafının ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə çox mütərəqqi işlər aparılıb. Bu dövrdə ölkəmizdə yüksəkhazırlıqlı kadr potensialını təmin etmək məqsədilə gənclərimiz keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilib. Bu siyasət Azərbaycanın elmi və kadr potensialının yüksəlişini təmin edib. Heydər Əliyev məktəbinin məzunları olan bu mütəxəssislər hazırda Azərbaycanın inkişafına layiqli töhfələrini verirlər. Onlardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Müsavər Musayevdir. Müsavər müəllim 1977-1980-ci illərdə Ulu Öndərin xeyir- duası ilə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən olan Moskva Fizika Mühəndisləri İnstitutunda təhsil alıb və Ümummilli Liderlə görüşlərin canlı iştirakçısı olub. “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində M.Musayev öz xatirələrini bölüşür.
“Ulu Öndərlə ilk görüş ömürlük yaddaşıma həkk olundu”
- Əlbəttə, SSRİ-nin nüfuzlu universitetlərində təhsil almaq mənim də ürəyimdən idi. Qismət elə gətirdi ki, Moskvadan gələn komissiyanın seçimi və qərarı əsasında mən də Moskva Fizika Mühəndisləri İnstitutunda təhsil almaq hüququ qazandım. 1977-ci ildə Moskva Fizika Mühəndisləri İnstitutuna oxumağa göndərildim və orada təhsilimi davam etdirdim.
Moskvada təhsil illərində biz tələbələr Ulu Öndərin diqqət və qayğısından kənarda qalmadıq. Ümummilli Lider Heydər Əliyev hər il Moskva şəhərinə gələndə paytaxtın ali məktəblərində təhsil alan tələbələri bir yerə yığır, onlarla görüşlər keçirir, onlara tövsiyələrini verirdi. Belə görüşlərdən birində iştirak etmək mənə də nəsib oldu. Bu, səhv etmirəmsə, 1979-cu ildə Moskva Bədaye Akademik Teatrında (MXAT) oldu. Görüş barədə bizə də xəbər verilmişdi. Mən dostum Zirəddin müəllimlə birlikdə həmin görüşdə iştirak etdik. O vaxta qədər Ulu Öndəri ancaq televiziya ekranlarında görmüşdüm, indi isə bizə dahi lideri canlı izləmək xoşbəxtliyi nəsib olmuşdu. Heydər Əliyev həmin görüşə Ümumittifaq Gənclər İttifaqı MK-nın birinci katibi olan Boris Pastuxovu da dəvət etmişdi. Görüşdə digər hökumət rəsmiləri də iştirak edirdi. Tədbirdə Ulu Öndər söz alaraq çıxışa başladı. Heydər Əliyev tələbələr qarşısında 1.5 saat danışdı. Məni təəccübləndirən ən vacib məqamlardan biri bu idi ki, o dövrdə SSRİ-nin rəhbərlərindən fərqli olaraq Ulu Öndər canlı çıxış edirdi. O dövrdəki rəhbərlər hökmən kağızdan oxuyurdular. Hətta ən qısa çıxışları belə kağızdan olurdu. Saat yarım müddətində Ulu Öndər, demək olar ki, heç bir kağızdan istifadə etmədən rus dilində çox səlis, çox gözəl çıxış etdi.
İkinci ən önəmli məqamlardan biri ondan ibarət idi ki, Ulu Öndər çıxışında həmin dövrdə respublikanın ümumi iqtisadi potensialını, mədəni səviyyəsini o qədər gözəl təhlil etdi ki... O, çıxışında müxtəlif sahələrdəki inkişaf dinamikasını göstərən rəqəmlərdən istifadə edirdi. Rəqəmləri yaddaşda saxlamaq, onları dilə gətirmək, onları çatdırmaq özü bir fenomenal yaddaş tələb edirdi. Bax, mən bunun şahidi oldum. Ümummilli Lider çıxışında biz tələbələrə tövsiyələrini çatdırdı. Ölkənin, respublikanın hədəfində nələr durur və biz tələbələrdən gözləntilər nədir, nə etməliyik. Beləliklə, Ulu Öndərlə ilk görüş çox maraqlı keçdi və ömürlük mənim yaddaşıma həkk olundu.
“Ulu Öndərimiz böyük inamla bəyan etdi ki, biz mütləq torpaqlarımızı qaytaracağıq”
Ulu Öndərlə ikinci görüşümüz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 80 illik yubileyində baş verdi. Həmin görüşdə mən universitetin fizika kafedrasının dosenti, tələbə Elmi Cəmiyyətinin sədri, Elmi Şuranın üzvü kimi iştirak edirdim. Ulu Öndər yubiley tədbirində iştirak edirdi, o, zala daxil oldu, və mən ikinci dəfə Ümummilli Lideri yaxından gördüm. O, əvvəlki kimi yüksək analitik düşünmə istedadı, nitqi ilə hamımızı valeh etmişdi. Məni valeh edən ikinci bir məqam bu oldu ki, birinci görüşümüzdə Ulu Öndər rus dilində necə səlis, dəqiq, aydın nitq eləmişdisə, bu görüşdə Azərbaycan dilində həmin şəkildə aydın, dəqiq, təxminən bir saata yaxın məruzə etdi. Ərazilərimizin 20 faizi işğal altında idi. Elə həmin görüşdə Ulu Öndərimiz böyük inamla bəyan etdi ki, biz mütləq torpaqlarımızı qaytaracağıq. Biz yenə o torpaqlara qayıdacağıq. Doğrudan da, Ümummilli Liderin illər öncəsi böyük uzaqgörənlik və nikbinliklə söylədiyi sözlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qətiyyətli və müdrik siyasəti nəticəsində öz təsdiqini tapdı. Təbii ki, dahilər həmişə gələcəyi görürlər. Bu baxımdan, Ulu Öndərin də ürəkdən inandığı və söylədiyi fikirlər özünü doğrultdu.
Ümummilli Lider çıxışında ölkəmiz, ali təhsilimiz qarşısında duran bütün vəzifələri olduqca dəqiq, aydın şəkildə ortaya qoydu və bizi 80 illik yubiley münasibətilə təbrik etdi. Təbii ki, əməkdaşlarımızın böyük qismini fəxri adlarla, medallarla, ordenlərlə təltif etdi. Ulu Öndərlə hər iki görüş məndə böyük təəssürat yaratdı və ömrüm boyu bu təəssüratın altında yaşayacağam. Mən onu çox gözəl xatırlayıram.
Oruc MUSTAFAYEV